YapiKredi Müraciət Forması
Dünya Özəl

Rusiyanın 8 regionunda azərbaycanlılar və digər əcnəbilərin taksi sürməsinə qadağa qoyula bilər

Rusiyanın 8 regionunda azərbaycanlılar və digər əcnəbilərin taksi sürməsinə qadağa qoyula bilər

2027-ci ildən etibarən Rusiyanın bir sıra regionlarında xarici vətəndaşların taksi sürücüsü kimi çalışmasına məhdudiyyətlər tətbiq edilməsi planlaşdırılır. Kaluqa vilayətində isə əcnəbilərin kuryer xidmətlərində işləməsi də qadağan oluna bilər. Qərar qüvvəyə minərsə, məhdudiyyətlər həmin ərazilərdə yaşayan azərbaycanlılara da şamil ediləcək.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiyanın Əmək Nazirliyinin hazırladığı hökumət qərarı layihəsində qeyd olunub.

Sənədə əsasən, taksi fəaliyyəti üzrə qadağanın Mordoviya, Çuvaşıstan, Tatarıstan və Udmurtiya respublikalarında, eləcə də Sverdlovsk, Orenburq və Ulyanovsk vilayətlərində, həmçinin Yəhudi Muxtar Vilayətində tətbiqi təklif edilir.

"Vedomosti" qəzetinin yazdığına görə, müvafiq layihə oktyabrın sonunda Rusiya Üçtərəfli Komissiyasında razılaşdırılıb. Qərarın qüvvəyə minməsi üçün onu ölkənin Baş naziri Mixail Mişustin imzalamalıdır.

Məhdudiyyətlərin tətbiqinə səbəb kimi regionlarda müşahidə olunan müxtəlif problemlər göstərilir. Belə ki, Mordoviyada taksi fəaliyyəti ilə bağlı qadağa təşəbbüsü yol-nəqliyyat hadisələrinin yüksək göstəriciləri ilə izah olunur.

Layihəyə əlavə edilmiş əsaslandırıcı sənədlərdə başqa bir problemə də diqqət çəkilir. Bildirilir ki, taksi sektorunda qanunsuz sahibkarlıq halları geniş yayılıb və qayda pozuntusuna yol verən şəxslər inzibati məsuliyyətdən yayınmağa çalışırlar.

Qeyd edək ki, təklif olunan dəyişikliklər qəbul edilərsə, Rusiyanın adları çəkilən regionlarında yaşayan Azərbaycan vətəndaşları da taksi sürücüsü kimi işləmək imkanını itirə bilərlər. Kaluqa vilayətində isə kuryer fəaliyyəti ilə bağlı analoji məhdudiyyət nəzərdə tutulur.