Soğan və kartofun qiyməti bahalaşacaq? — AÇIQLAMA

GÜNDƏM 17 oktyabr 2025, 17:51
“2025-ci ilin sonuna qədər ərzaq bazarında qiymət artımı bir sıra təbii və iqtisadi amillərlə bağlıdır”. 

Bu sözləri aqronom Əli Vəliyev Demokrat.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu il ölkənin bir çox bölgəsində iqlim şəraiti qeyri-sabit keçib, bu da məhsuldarlığa mənfi təsir göstərib:

“Quraqlıq və su çatışmazlığı xüsusilə qoz, badam və zeytun kimi bağ bitkilərinin məhsulunu azaldıb. Yerli istehsalın azalması fonunda idxaldan asılılıq artdığı üçün bazar qiymətləri yuxarı qalxır. Aralıq dənizi ölkələrində də məhsuldarlıq gerilədiyindən dünya bazarında zeytun və zeytun yağı bahalaşma tendensiyasına girib. Bu proses Azərbaycanın daxili bazarına da təsir edir. Tərəvəz sahəsində isə payız mövsümündə məhsul azlığı və anbarlaşdırma xərclərinin yüksəlməsi səbəbindən qiymət artımı qaçılmaz görünür”. 

O qeyd edib ki, xüsusilə soğan və kartof kimi əsas ərzaqların saxlanması üçün enerji və logistika xərcləri artıb:

“Fermerlər istehsal xərclərini qarşılayarkən bu yükü satış qiymətlərinə əlavə etməyə məcbur qalır. gübrə və yanacaq qiymətlərindəki artım da təsərrüfatların mənfəətini azaldır. Ət məhsullarında bahalaşmanın əsas səbəbi isə yem bazarının bahalaşması və heyvandarlıq xərclərinin çoxalmasıdır. Yem istehsalı üçün lazım olan arpa və qarğıdalı kimi bitkilərin də maya dəyəri artıb. Bu vəziyyət ət tədarük zəncirinə zəncirvari təsir göstərir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top