Mənzil sahibi evini müxtəlif risklərdən qorumaq üçün sığortalaya bilər. Lakin bəzi hallarda hadisə zamanı təkcə mənzilə deyil, binanın özünə, ümumi konstruksiyasına, fasadına və digər hissələrinə də zərər dəyir. Belə vəziyyətdə fərdi mənzil sığortasının hansı zərərləri qarşıladığı, binaya dəyən zərərin isə kim tərəfindən ödəniləcəyi sual doğurur.
Belə hallarda ödəniş hansı qaydada həyata keçirilir?
Sığorta eksperti Vüsal Bədəlov Demokrat.az-a açıqlamasında bildirib ki, əmlakın icbari sığortası əsasən əmlakın özünə, o cümlədən binanın daxilində baş verən zərərləri əhatə edir.

Onun sözlərinə görə, hadisə zamanı binanın daş örtüyünün, üzlük daşlarının və ya fasadda istifadə olunan digər materialların qoparaq düşməsi nəticəsində başqa əmlaka zərər dəyərsə, belə hallarda ilk növbədə bina mülkiyyətçisi öz əmlakını icbari qaydada sığortalamalıdır:
"Eyni zamanda, əgər mülkiyyətçi hüquqi şəxsdirsə, əmlakın istismarı ilə bağlı məsuliyyət sığortası da əldə etməlidir. Çünki binanın istismarı zamanı baş verə biləcək belə hadisələr nəticəsində üçüncü şəxslərə dəyən zərərin həmin sığorta məhsulu hesabına qarşılanması nəzərdə tutulur. Əgər zərər qonşu binada və ya digər obyektlərdə baş verən hadisə nəticəsində yaranıbsa, həmin obyektin istismarı ilə bağlı məsuliyyət sığortasının olması vacibdir. Belə hallarda üçüncü şəxslərə dəyən zərərin bu sığorta növü çərçivəsində qarşılanması mümkün ola bilər".



