Kartof bişirərkən suya az miqdarda sirkə əlavə etmək onun formasını qorumağa və dağılmasının qarşısını almağa kömək edir. Xüsusilə salatlar, eləcə də sonradan sobada bişiriləcək və ya tavada qızardılacaq kartof üçün bu üsul tövsiyə olunur.
Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın UNİAN nəşri yazıb.
Mütəxəssislərin diqqətə çatdırdığı bu kulinariya üsulunun əsas səbəbi sirkənin tərkibindəki turşunun kartofun quruluşuna təsiridir. Turşu tərəvəzin tərkibindəki pektinin parçalanmasını ləngidir. Nəticədə kartof uzun müddət qaynadılsa belə, formasını saxlayır, yumşalsa da, əzilib dağılmır.
Bu üsul xüsusilə "Olivye" və "Vineqret" kimi salatların hazırlanmasında faydalıdır. Çünki kartofu bişdikdən sonra səliqəli kublar şəklində doğramaq mümkün olur.
Sirkə əlavə etmək kartofu sonradan qızartmaq və ya sobada bişirmək istəyənlər üçün də əlverişlidir. Belə olduqda tərəvəzin xarici qatı formasını qoruyur, içərisi isə yaxşı bişərək yumşalır. Nəticədə qızartma və ya sobada bişirmə zamanı dilimlərin üzərində iştahaaçan, xırtıldayan qabıq yaranır.
Nə qədər sirkə əlavə etmək lazımdır?
Nəşrin məlumatına görə, bir kiloqram kartof üçün bir çay qaşığından artıq sirkə istifadə etmək məsləhət görülmür. Süfrə, alma və ya üzüm sirkəsi seçilə bilər. Lakin sirkə essensiyasından istifadə tövsiyə edilmir. Miqdarın çox olması yeməyin dadına mənfi təsir göstərə bilər.
Kartof salat üçün hazırlanırsa, qabığı soyulmadan, ölçüsündən asılı olaraq 20-30 dəqiqə qaynadılması məsləhətdir. Sonradan qızardılacaq və ya sobada bişiriləcək kartofu isə əvvəlcədən təxminən 10 dəqiqə qaynatmaq kifayətdir.
Sirkəni su qaynamağa başladıqdan sonra əlavə etmək tövsiyə olunur. Bu sadə üsul kartofun bişmə prosesində formasını qorumasına kömək edir.



