Dadlı və elastik pizza xəmiri hazırlamaq üçün uzun müddət yoğurmağa, bahalı mətbəx avadanlığına və xüsusi un növlərinə ehtiyac yoxdur. Məlum olub ki, bunun üçün əsas şərtlərdən biri çox soyuq sudan istifadə etmək və xəmirin soyuducuda kifayət qədər müddət saxlanılmasıdır.
Demokrat.az xəbər verir ki, bu barədə Fransanın "Aufeminin" nəşri yazıb.
Nəşrin məlumatına görə, soyuq su unun tərkibindəki zülalların qlüten əmələ gətirməsinə şərait yaradır. Aşağı temperatur isə mayanın fəaliyyətini ləngidir. Nəticədə xəmir tədricən yetişir, elastiklik qazanır və daha yaxşı dad formalaşdırır.
Bu üsulun əsas üstünlüyü xəmirin yoğrulmasına ehtiyac qalmamasıdır. İnqrediyentləri qarışdırdıqdan sonra prosesi zamana həvalə etmək kifayətdir. Xəmir soyuducuda 24-72 saat saxlanıla bilər. Uzun müddət soyuqda qalması onun strukturunun formalaşmasına, yumşaq və hava qabarcıqları ilə zəngin olmasına kömək edir.
Lazım olan ərzaqlar:
- 500 qram buğda unu;
- 350 ml soyudulmuş su;
- 10 qram xırda duz;
- 2 qram quru maya və ya 4 qram təzə maya;
- 1 xörək qaşığı zeytun yağı.
Hazırlanma qaydası
Əvvəlcə soyuq su dərin qaba tökülür, üzərinə un, duz, maya və zeytun yağı əlavə edilir. Bütün ərzaqlar qaşıqla qarışdırılır. Unun quru qalıqları yox olduqdan sonra xəmirin yapışqan olması normal hesab edilir.
Qabın ağzı örtülür və xəmir otaq temperaturunda 10 dəqiqə saxlanılır. Daha sonra soyuducuya yerləşdirilərək 24-72 saat yetişməyə buraxılır.
Hazır xəmirdən kündələr hazırlanır, ehtiyatla yayılır və üzərinə istənilən içlik əlavə olunur. Bu müddətdə soba əvvəlcədən 250-275 dərəcəyədək qızdırılmalıdır. Daha yaxşı nəticə üçün sobanın içərisinə əvvəlcədən pizza daşı və ya tərsinə çevrilmiş soba sinisi yerləşdirmək tövsiyə olunur.
Pizza təxminən 7-10 dəqiqə bişirilir. Xəmirin kənarları qalxıb qızılı rəng aldıqda yemək hazır hesab olunur.
Məqalədə qeyd edilir ki, yetişmiş xəmiri yağlanmış qablarda soyuducuda 72 saata qədər saxlamaq mümkündür. Həmçinin ilk 24 saatlıq yetişmə müddətindən sonra xəmir kündələrini dondurmaq da olar.
Pizza hazırlamazdan əvvəl xəmirin otaq temperaturuna qədər isinməsini gözləmək lazımdır. Daha sonra onu nazik, neapolitan üslubunda və ya daha qalın formada yaymaq mümkündür.



