Bəzi cütlüklər münasibətlərdə asanlıqla ortaq dil tapsalar da, digərləri tez-tez mübahisə və fikir ayrılıqları ilə üzləşirlər. Numerologiyaya görə, bu fərqlərin səbəblərindən biri tərəfdaşların doğum tarixləri və həmin tarixlər əsasında hesablanan həyat yolu rəqəmləri ola bilər.
Demokrat.az xəbər verir ki, bu barədə "Clarín" nəşrinə açıqlamasında numeroloq Marsela Matteuççi danışıb.
Onun fikrincə, numeroloji yanaşma tərəfdaşların xarakter fərqlərini anlamağa və münasibətlərdə qarşılaşdıqları çətinlikləri müəyyənləşdirməyə kömək edə bilər. Bununla belə, mütəxəssis heç bir cütlüyün uğursuzluğa məhkum olmadığını, bəzi uyğunluqların sadəcə daha çox qarşılıqlı anlaşma, dialoq və güzəşt tələb etdiyini bildirir.
Həyat yolu rəqəmi necə hesablanır?
Numerologiyada uyğunluğu müəyyənləşdirmək üçün doğum tarixindəki bütün rəqəmlər toplanır və nəticə birrəqəmli ədədə endirilir.
Məsələn, 15 mart 1992-ci ildə doğulan şəxsin hesablaması belədir:
1+5+0+3+1+9+9+2=30
3+0=3.
Beləliklə, həmin şəxsin həyat yolu rəqəmi 3 hesab olunur. Eyni qayda ilə tərəfdaşın da rəqəmi müəyyənləşdirilir.
Hansı rəqəmlərin münasibətlərində çətinliklər yarana bilər?
- 1 rəqəmi: Numeroloqun fikrincə, 2, 4, 6 və 8 rəqəmləri ilə münasibətlərdə fikir ayrılıqları yarana bilər. Birincilər müstəqilliyə və sərbəst qərarlara üstünlük verdiyi halda, tərəfdaşları daha çox emosional yaxınlıq, ailə və nəzarət gözləyə bilər.
- 2 rəqəmi: 1, 3, 5 və 7 ilə münasibətlərdə çətinliklər yaşaya bilər. İkincilər emosional bağlılıq axtarır, lakin tərəfdaşlarının müstəqilliyə, sosial həyata və şəxsi məkanına üstünlük verməsi narazılıq yarada bilər.
- 3 rəqəmi: 2, 4, 7 və 8 ilə uyğunlaşmaqda çətinlik çəkə bilər. Üçlər ünsiyyəti, əyləncəni və sərbəstliyi sevirlər. Daha ciddi, sakit və planlı həyat tərzinə üstünlük verən tərəfdaşlarla fikir ayrılıqları mümkündür.
- 4 rəqəmi: 1, 3, 5 və 9 ilə münasibətlərdə problemlərlə üzləşə bilər. Dördüncülər sabitlik və qayda axtarır, spontan qərarlar və dəyişikliklər isə onları narahat edə bilər.
- 5 rəqəmi: 2, 4 və 6 ilə münasibətlərdə gərginlik yaşaya bilər. Beşlər yeniliklərə, azadlığa və fərqli təcrübələrə meyillidirlər. Tərəfdaşlarının sabitlik və ailə öhdəlikləri ilə bağlı gözləntiləri toqquşma yarada bilər.
- 6 rəqəmi: 1, 5, 7 və 9 ilə münasibətlərdə çətinliklər mümkündür. Altılar ailəyə, qayğıya və emosional yaxınlığa böyük əhəmiyyət verirlər. Daha sərbəst və şəxsi məkanına üstünlük verən tərəfdaşlarla anlaşmaq çətinləşə bilər.
- 7 rəqəmi: 2, 3 və 6 ilə münasibətlərdə fikir ayrılıqları yarana bilər. Yeddilər təklikdə vaxt keçirməyi və dərin söhbətləri sevirlər. Davamlı diqqət və ünsiyyət gözləyən tərəfdaşlar onların davranışını soyuqluq kimi qəbul edə bilərlər.
- 8 rəqəmi: 1, 2, 5 və 9 ilə münasibətlərdə problemlər yaşana bilər. Səkkizlər uğura, maliyyə sabitliyinə və qərarlara nəzarətə önəm verirlər. Fərqli həyat prinsipləri və liderlik uğrunda mübarizə münaqişələrə səbəb ola bilər.
- 9 rəqəmi: 1, 4, 6 və 8 ilə münasibətlərdə çətinliklər mümkündür. Doqquzlar idealist düşüncələri, mərhəmət və başqalarına kömək etmək istəyi ilə seçilirlər. Daha praktik və maddi nəticələrə üstünlük verən tərəfdaşlarla fikir ayrılıqları yarana bilər.
Numeroloq hesab edir ki, belə münasibətlərdə əsas problem tərəflərin fərqli gözləntilərini düzgün ifadə edə bilməməsidir. Bəzən bir tərəfin azadlıq ehtiyacı digərinin diqqət və qayğı gözləntisi ilə toqquşur, bəzən isə liderlik uğrunda mübarizə münasibətləri gərginləşdirir.



