Toyuq ürəklərindən fərqli və dadlı yemək hazırlamaq istəyənlər üçün maraqlı resept təqdim edilib. Soya sousu, bal və limon şirəsi ilə hazırlanan bu yemək həm asan başa gəlir, həm də cəmi 20 dəqiqəyə süfrəyə verilə bilər.
Demokrat.az xəbər verir ki, Ukraynanın UNIAN nəşri Çin sayağı toyuq ürəklərinin hazırlanma qaydasını paylaşıb.
Resept xüsusilə şərq mətbəxinin ədviyyatlı və fərqli dadlarını sevənlər üçün uyğundur.
Lazım olan ərzaqlar:
- 300 qram toyuq ürəyi;
- 1 ədəd baş soğan;
- 5 diş sarımsaq;
- 1 xörək qaşığı bitki yağı;
- 30 ml bal;
- 60 ml soya sousu;
- 30 ml limon şirəsi;
- üyüdülmüş qara istiot;
- çili bibəri.
Hazırlanma qaydası
Əvvəlcə soğan yarımhalqa, sarımsaq isə nazik dilimlər şəklində doğranır. Tavada bitki yağı qızdırılır, tərəvəzlər orta odda qızılı rəng alanadək qovrulur.
Toyuq ürəkləri yuyulur, üzərindəki pərdə və damarlar təmizlənir. Daha sonra tavaya əlavə edilərək təxminən 10 dəqiqə qızardılır.
Ayrı qabda soya sousu, bal, limon şirəsi, qara istiot və çili bibəri qarışdırılır. Hazırlanan sous tavaya tökülür və maye çəkilənədək ürəklər bişirilir.
Bişirmə zamanı toyuq ürəklərinin üzərində parlaq sous təbəqəsi yaranır. Bu da yeməyə həm iştahaaçan görünüş, həm də özünəməxsus dad verir.
Süfrəyə verməzdən əvvəl yeməyin üzərinə istəyə uyğun qovrulmuş küncüt səpmək olar.



