Qara dəliyin daxilinə düşən insanın qarşılaşacağı mənzərə alimlərin diqqətçəkən nəzəri hesablamalarından biridir. Ümumi nisbilik nəzəriyyəsinə əsasən, belə bir insan xarici kainatın getdikcə kiçildiyini, ulduzlu səmanın isə sonda bir nöqtəyə çevrildiyini görə bilər.
Demokrat.az xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin P.K. Şternberq adına Dövlət Astronomiya İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Konstantin Postnov "Gazeta.Ru"ya açıqlamasında danışıb.
Alimin sözlərinə görə, insan böyük kütləli qara dəliyin hadisələr üfüqünü keçdikdən sonra xarici kainatın görünüşü dəyişməyə başlayacaq. Ulduzlu səma sanki sıxılaraq kiçiləcək və insan mərkəzə yaxınlaşdıqca bir nöqtə halına gələcək. Mərkəzdə isə güclü qabarma qüvvələri insan bədənini parçalayacaq.
Postnov qeyd edib ki, insanı məhv edən hadisələr üfüqünün özü deyil, qara dəliyin yaratdığı qabarma qüvvələridir. Bu qüvvələr cazibə fərqindən yaranır: insanın ayaqları qara dəliyə başından daha yaxın olduqda ayaqlara təsir edən cazibə daha güclü olur və bədən uzanaraq parçalanmağa başlayır. Fizikada bu proses "spaqettifikasiya" adlanır.
Alim vurğulayıb ki, insanın hadisələr üfüqünə çatmamış parçalanıb-parçalanmaması qara dəliyin kütləsindən asılıdır. Kiçik kütləli qara dəliklərdə cazibə fərqi o qədər güclü olur ki, insan hadisələr üfüqünə çatmadan məhv edilə bilər.
Lakin kütləsi təxminən Günəşin kütləsinin 300 misli olan qara dəlikdə vəziyyət fərqlidir. Postnovun hesablamasına görə, boyu təxminən iki metr olan insan üçün yaranan dartılma qüvvəsi 10-15 g səviyyəsində ola bilər. Bu, kosmik uçuş zamanı astronavtların üzləşdiyi yüksək yüklənməyə bənzəyir. Daha böyük, superkütləli qara dəliklərdə isə hadisələr üfüqünü keçərkən insan qabarma qüvvələrini heç hiss etməyə də bilər.
Bununla belə, qara dəliyin daxilinə düşən insanın geri qayıtması mümkün deyil. Hadisələr üfüqünün arxasından nə işıq, nə maddə, nə də hər hansı siqnal xaricə çıxa bilir. Buna görə də səyyahın gördüklərini başqalarına çatdırmaq imkanı olmayacaq.
Postnov əlavə edib ki, qara dəliyin mərkəzində baş verən proseslər hələ də tam məlum deyil. Çünki maddənin həddindən artıq yüksək sıxlıqda davranışını izah edən kvant cazibə nəzəriyyəsi hələ mövcud deyil.



