YapiKredi Müraciət Forması
Mazda CX-5
Xarici siyasət

Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib

Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib

Monteneqro Prezidenti Yakov Milatoviç 2027-ci ildə Azərbaycana səfər etməyi planlaşdırdığını təsdiqləyib və iki ölkə arasında münasibətlərin dostluq xarakteri daşıdığını vurğulayıb.

Bunu Monteneqro lideri Brüsseldə keçirilən Aİ–Qərbi Balkanlar sammiti çərçivəsində bildirib.

"Baş nazirimiz artıq dünən Azərbaycanda olub. Onun ölkə Prezidenti İlham Əliyevlə əla görüşü keçirilib. Mən də gələn il səfərimi səbirsizliklə gözləyirəm. Azərbaycan bizim üçün dost ölkədir", – o qeyd edib.

Qeyd edək ki, Monteneqronun Baş naziri Miloyko Spayiç noyabrın 23-25-də Azərbaycanda işgüzar səfərdə olub. Səfər çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Əli Əsədovla keçirilən görüşlərdə iqtisadi əməkdaşlığın, o cümlədən investisiya, energetika və infrastruktur sahələrində əlaqələrin genişləndirilməsi müzakirə olunub.

Danışıqlarda Azərbaycanın Monteneqroya investisiyaları, o cümlədən həyata keçirilən layihələrin genişləndirilməsi perspektivləri də diqqət mərkəzində olub. Konkret təşəbbüslərdən biri Monteneqronun 2027-ci ildə Azərbaycan vətəndaşları üçün elektron viza sistemini tətbiq etməsidir. Bu addım qarşılıqlı səfərləri asanlaşdırmalıdır. (report)