Türkiyəli müğənni Mabel Matiz müəllif hüquqları ilə bağlı məhkəmə iddiası ilə üzləşib. Aranjimançı Bahti Sutekin müğənninin ifa etdiyi "Umrumdışı" mahnısının onun hazırladığı aranjimandan icazəsiz istifadə edilməklə yayımlandığını iddia edir.
Demokrat.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb.
Sutekin müğənniyə və iki prodüser şirkətinə qarşı məhkəməyə müraciət edərək mahnının rəqəmsal platformalarda icazəsiz istifadəsinin dayandırılmasını tələb edib.
Aranjimançının vəkili Bumin Kaan Bulut iddia edir ki, Mabel Matizin göndərdiyi mesajlarda və səs yazılarında Sutekinin aranjimançı kimi əməyini qəbul etdiyi, mahnının 95 faizinin onun işi olduğu bildirilib.
Məhkəməyə təqdim olunan ərizədə ekspert rəyinə də istinad edilib. Həmin rəydə Sutekinin hazırladığı musiqi versiyası ilə yayımlanan qeyd arasında müəyyən fərqlər olsa da, eyni musiqi altyapısından istifadə edildiyinin müəyyənləşdirildiyi qeyd olunub.
Bahti Sutekin Mabel Matizdən və iki prodüser şirkətindən ümumilikdə 1 milyon lirə mənəvi, 10 min avro (təxminən 553 min lirə) maddi təzminat tələb edir. Beləliklə, iddianın ümumi məbləği təxminən 1,55 milyon lirəyə çatır.
Qeyd edək ki, bunlar iddiaçının məhkəməyə təqdim etdiyi tələblərdir. İş üzrə yekun qərar barədə məlumat verilməyib.



