Türkiyədə İstanbulun Sarıyer rayonunda aslan görüldüyü iddiası ilə başlayan axtarışlar məşhurların vaxtilə evlərində saxladıqları qeyri-adi heyvanları yenidən gündəmə gətirib. Onların arasında timsah, piton və hətta ula da var.
Demokrat.az xəbər verir ki, Türkiyə mətbuatı məşhurların qeyri-adi ev heyvanları ilə bağlı maraqlı hadisələri xatırladıb.
Müğənni Hatice 2007-ci ildə həyat yoldaşı Ramiz Özbayın evdə saxladığı Afrika timsahının hücumuna məruz qalıb. Hadisə zamanı yatarkən qolundan dişlənən müğənniyə beş tikiş qoyulub. Hatice sonradan timsahın az qala onu öldürəcəyini bildirib.
Bundan başqa, Özbayın şirkətində piranalar, köpəkbalıqları və meymun saxladığı da mediada yer alıb.
Aktrisa Yasemin Allen isə İngiltərədə yaşadığı dövrdə evində kral pitonu bəsləyib. O, ilanına "Lord Flashheart" adını verib və onunla çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşıb. Allen 2024-cü ildə qatıldığı televiziya proqramında Türkiyədə piton saxlamaq qadağan olduğu üçün ilanını İngiltərədə qoymalı olduğunu açıqlayıb.
Heyvan sevgisi ilə tanınan müğənni Sezen Aksu da qeyri-adi seçimləri ilə diqqət çəkib. O, küçədən götürdüyü pişik və itlər üçün Göksudakı musiqi studiyasının arxasında xüsusi yaşayış sahəsi yaradıb.
Aksu 2019-cu ildə Kayseridə anasını itirdikdən sonra tapılan bir eşşək balasını da sahiblənib. Müğənni ona "Boza" adını verib.



