YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman Özəl

Qvardioladan "Qalatasaray"ın ulduzuna böyük tərif – Messini nümunə göstərdi

Qvardioladan Qalatasarayın ulduzuna böyük tərif – Messini nümunə göstərdi

Məşhur məşqçi Pep Qvardiola futbol dünyası ilə bağlı diqqətçəkən açıqlamalar verib. O, Lionel Messi və Kriştiano Ronaldonun rəqabətindən danışıb, eyni zamanda "Qalatasaray"ın futbolçusu İlkay Gündoğanın gələcəkdə yaxşı baş məşqçi ola biləcəyini bildirib.

Demokrat.az xəbər verir ki, ötən mövsümün sonunda "Mançester Siti"dən ayrılan ispaniyalı mütəxəssis bu fikirləri Romarionun verilişində səsləndirib.

Qvardiola məşqçilik karyerasında onu fərqləndirən əsas amilin Messi olduğunu deyib. Onun sözlərinə görə, argentinalı futbolçu kimi istedadlı və sabit çıxış edən oyunçu ilə qarşılaşmayıb.

"Onun kimisini heç vaxt görməmişəm. Hər üç gündən bir üç qol vurub üç məhsuldar ötürmə edə bilən və bunu belə davamlı şəkildə bacaran futbolçu... Hətta məşqlərdə də belə oynayırdı. Dörd il ərzində komanda daxili oyunların heç birində uduzduğunu xatırlamıram", deyə Qvardiola bildirib.

Mütəxəssis Messinin səviyyəsinə çata biləcək yeni futbolçunun yetişəcəyinə inanmadığını söyləyib. O, belə performansı 15-20 il ərzində qorumağın futbolda müstəsna hadisə olduğunu vurğulayıb.

Qvardiola Neymarla işləmək arzusunda olduğunu da açıqlayıb. O bildirib ki, "Bavariya"ya keçdikdən sonra UEFA toplantısı zamanı braziliyalı futbolçu ilə görüşüb və onu Münhen klubuna dəvət etməyə çalışıb. Lakin Neymar "Barselona"ya keçmək qərarı verib.

İspaniyalı məşqçi Messi və Kriştiano Ronaldo arasındakı rəqabətə də toxunub. Onun fikrincə, hər iki futbolçu bir-birinin nəticələrini izləyərək daha yaxşı olmağa çalışıb və bu rəqabət onların yüksək səviyyəni qorumasına kömək edib.

Qvardiola Portuqaliya Futbol Federasiyasına da Ronaldonun milli komandadakı karyerası ilə bağlı çağırış edib. O, əfsanəvi hücumçunun layiqli şəkildə yola salınmalı olduğunu bildirib.

Mütəxəssis "Qalatasaray"ın futbolçusu İlkay Gündoğanın gələcək karyerası barədə də danışıb. Onun fikrincə, Gündoğandan yaxşı baş məşqçi çıxacaq. Qvardiola hesab edir ki, yarımmüdafiəçilər oyunu daha bütöv şəkildə dərk etdikləri üçün məşqçilikdə müəyyən üstünlüyə malikdirlər.