YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət Özəl

İş axtaranların nəzərinə! — Açıqlama

İş axtaranların nəzərinə! — Açıqlama

İşə qəbul zamanı namizədlərin CV-də özlərini daha təcrübəli, bilikli və bacarıqlı göstərmək üçün bəzi məlumatları şişirtməsi və ya həqiqətə uyğun olmayan məlumatlar yazması halları ilə rastlaşmaq mümkündür. İş təcrübəsi, dil bilikləri, təhsil, əvvəlki vəzifələr və bacarıqlar barədə yanlış məlumatlar işəgötürənin qərarına təsir edə bilər.

CV-də yazılan məlumatların doğru olub-olmadığı işə qəbul zamanı necə yoxlanılır? HR mütəxəssisləri namizədin yalan məlumatlarını hansı üsullarla müəyyən edir?

Demokrat.az-a bu barədə danışan insan resursları üzrə menecer Röyal Əhmədov bildirib ki, işə qəbul prosesində namizədlərin CV-lərində müəyyən məlumatları şişirtməsi və ya həqiqətə uyğun olmayan məlumatlar təqdim etməsi ilə qarşılaşmaq mümkündür:

"Xüsusilə iş təcrübəsi, əvvəlki vəzifələr, dil bilikləri, təhsil və texniki bacarıqlar bu baxımdan daha çox diqqət çəkən məqamlardır. Bəzi namizədlər vakansiyaya uyğun görünmək, müsahibəyə dəvət almaq və digər namizədlərdən fərqlənmək məqsədilə özlərini olduğundan daha təcrübəli təqdim etməyə çalışırlar. Lakin CV-də qeyd edilən məlumatlar namizədin real bilik və bacarıqları ilə üst-üstə düşmədikdə bu, həm işə qəbul qərarına, həm də gələcək əmək münasibətlərinə mənfi təsir göstərə bilər. İlk növbədə, CV-dəki məlumatlar kompleks şəkildə təhlil olunur. Namizədin iş tarixçəsi, çalışdığı şirkətlər, vəzifə dəyişiklikləri, təhsil məlumatları və qeyd etdiyi bacarıqlar arasında məntiqi uyğunluq araşdırılır. Məsələn, namizəd CV-də özünü HR meneceri kimi təqdim edirsə, onun hansı HR proseslərini idarə etdiyi, əmək qanunvericiliyi üzrə bilikləri, kadr sənədləşməsi, işə qəbul, ƏMAS əməliyyatları və digər funksiyalar üzrə təcrübəsi də dəqiqləşdirilməlidir. Burada məqsəd sadəcə CV-də yazılanları oxumaq deyil, namizədin təqdim etdiyi məlumatların real peşəkar fəaliyyətini əks etdirib-etdirmədiyini müəyyən etməkdir. Bunun üçün namizədin əvvəlki iş yerləri, vəzifələri, əmək fəaliyyətinin müddəti və yerinə yetirdiyi işlər ətraflı araşdırılmalıdır. Müsahibə zamanı konkret suallar verilməli, namizəddən əvvəlki iş yerində hansı məsuliyyətləri daşıdığı, hansı nəticələr əldə etdiyi və hansı problemləri həll etdiyi barədə nümunələr istənilməlidir. Zərurət olduqda, namizədin razılığı ilə əvvəlki işəgötürənlə və ya referans kimi göstərdiyi şəxslə əlaqə saxlanıla bilər. Əgər namizəd rəhbər vəzifədə çalışdığını qeyd edirsə, onun rəhbərlik etdiyi komanda, qərarvermə səlahiyyətləri və idarə etdiyi proseslər də dəqiqləşdirilməlidir. Çünki vəzifə adını CV-də yazmaq asandır, lakin həmin vəzifənin funksiyalarını real nümunələrlə izah etmək daha çətindir".

Mütəxəssis qeyd edib ki, namizədin CV-də xarici dil biliyini qeyd etməsi həmin dili həqiqətən bildiyini təsdiqləmir:

"Bunun üçün müsahibənin müəyyən hissəsi müvafiq dildə aparıla, namizəddən özünü təqdim etməsi və peşəkar mövzuda fikirlərini ifadə etməsi istənilə bilər. Eyni yanaşma texniki və digər peşəkar bacarıqlara da aiddir. Məsələn, Excel biliyini yüksək səviyyədə göstərən namizədə praktiki tapşırıq verilə, mühasibatlıq üzrə təcrübəsi olduğunu bildirən namizəddən konkret hesablama aparması tələb oluna bilər. HR sahəsində isə əmək müqaviləsinin hazırlanması, məzuniyyət hesablanması, iş vaxtının uçotu və əmək qanunvericiliyinə dair situasiya tapşırıqları namizədin real bilik səviyyəsini müəyyən etməyə kömək edir. Təhsil və sertifikat məlumatları müvafiq sənədlər əsasında yoxlanıla bilər. Namizəddən diplom, sertifikat və digər təsdiqedici sənədlərin təqdim edilməsi istənilə bilər. Şübhə yarandığı halda, müvafiq təhsil müəssisəsinə və ya sertifikatı təqdim edən quruma müraciət etməklə məlumatların həqiqiliyi araşdırıla bilər. Burada vacib məqam ondan ibarətdir ki, namizədin CV-də qeyd etdiyi təhsil səviyyəsi, ixtisası və sertifikatları vakansiyanın tələblərinə uyğun qiymətləndirilməlidir. Müsahibə zamanı namizədin verdiyi cavabların CV-dəki məlumatlarla uyğunluğu diqqətlə izlənilməlidir. Eyni mövzu ilə bağlı fərqli cavablar verməsi, konkret suallara ümumi ifadələrlə cavab verməsi, qeyd etdiyi təcrübəni real nümunələrlə izah edə bilməməsi müəyyən şübhələr yarada bilər. Məsələn, namizəd satış komandasını idarə etdiyini bildirirsə, satış strategiyasının hazırlanması, hədəflərin müəyyən edilməsi, komandanın idarə olunması və nəticələrin təhlili ilə bağlı suallara cavab verməyi bacarmalıdır. Bununla belə, namizədin həyəcanlı olması, göz təmasından yayınması və ya özünü rahat ifadə edə bilməməsi birbaşa yalan danışmasının sübutu hesab edilməməlidir. Qiymətləndirmə davranışdan daha çox faktlara, biliklərə və cavabların ardıcıllığına əsaslanmalıdır".

Röyal Əhmədov söyləyib ki, ilk növbədə, namizədə aşkar edilmiş uyğunsuzluğu izah etmək imkanı verilməlidir:

"Çünki bəzi hallarda məlumatların yanlış təqdim olunması qəsdən deyil, CV hazırlanarkən diqqətsizlikdən və ya təcrübənin düzgün ifadə edilməməsindən qaynaqlana bilər. Lakin namizədin bilərəkdən saxta iş təcrübəsi, təhsil və ya bacarıq məlumatları təqdim etdiyi təsdiqlənərsə, bu hal onun etibarlılığının qiymətləndirilməsində ciddi amil kimi nəzərə alınmalıdır. HR mütəxəssisi qərar verərkən həm namizədin peşəkar uyğunluğunu, həm də dürüstlüyünü qiymətləndirməlidir. İşəgötürənlərə tövsiyəm odur ki, işə qəbul qərarını yalnız CV-yə və namizədin müsahibədə yaratdığı ilkin təəssürata əsasən verməsinlər. CV ilkin seçim vasitəsidir. Namizədin real potensialını müəyyən etmək üçün strukturlaşdırılmış müsahibə, praktiki tapşırıqlar, sənədlərin yoxlanılması və əvvəlki iş təcrübəsinin təhlili birlikdə tətbiq edilməlidir. Namizədlərə isə tövsiyəm budur ki, CV-lərində real bilik və bacarıqlarını düzgün təqdim etsinlər. Bilmədikləri proqramı bildiklərini, işləmədikləri vəzifəni icra etdiklərini və ya sahib olmadıqları təcrübəni qeyd etməsinlər. Çünki CV vasitəsilə müsahibəyə dəvət almaq mümkündür, lakin işə başladıqdan sonra həmin bilik və bacarıqları nümayiş etdirmək tələb olunur. Unutmaq olmaz ki, CV namizədə qapını aça bilər, amma peşəkarlıq və dürüstlük həmin qapıdan sonra özünü göstərir".