İcarəyə götürdüyü obyektdə təmir işləri aparan şəxslər bəzən müqavilə müddəti başa çatmadan obyekt sahibi tərəfindən ərazini boşaltmaq tələbi ilə üzləşirlər. Belə hallarda icarəçinin təmirə xərclədiyi vəsaitin geri qaytarılıb-qaytarılmayacağı məsələsi gündəmə gəlir.
Bəs müqavilə müddəti bitmədən obyektdən çıxarılan icarəçi təmirə xərclədiyi pulu geri tələb edə bilərmi? Obyekt sahibi həmin xərcləri ödəməyə borcludurmu?
Vəkil Amid Əsgərov Demokrat.az-a açıqlamasında bildirib ki, icarəyə verilən obyektə icarəçi tərəfindən çəkilmiş xərclərin icarəyəverən tərəfindən hansı hallarda kompensasiya edilməli olması məsələsi tərəflər arasında bağlanan icarə müqaviləsi ilə tənzimlənməlidir.

Onun sözlərinə görə, "İcarə haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda, müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ vardır ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin.
Vəkil qeyd edib ki, həmin maddənin 6-cı bəndinə əsasən, icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir:
"Həmin maddənin 7-ci bəndinə əsasən isə icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyəverən ödəməyə razı olmadıqda, icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər. "İcarə haqqında" Qanunun 13.1-ci bəndinə əsasən, tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda, digər tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 680.1-ci maddəsinə əsasən, kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Məcəllənin 680.1.1-ci maddəsinə əsasən, binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında istismar, qulluq və təmizləmə xərcləri əvəzi ödənilən xərclərə aid edilmir. Mülki Məcəllənin 680.2-ci maddəsində isə qeyd olunur ki, kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.
Vəkil bildirib ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10.07.2026-cı il tarixli qərarında da bu məsələ ilə bağlı hüquqi mövqe ifadə olunub:
"Həmin qərarda qeyd edilir ki, "MM-in 680-ci maddəsi kirayəçinin çəkdiyi müəyyən xərclərin əvəzinin ödənilməsi ilə bağlı ümumi hüquqi tənzimləməni müəyyən edir. Həmin norma tərəflərin müqavilə ilə başqa qayda müəyyən etmədikləri hallarda tətbiq olunan normadır. Çünki normada başqa qaydanın müəyyən edilməsinin yolverilməzliyinə dair hər hansı göstəriş mövcud deyildir. Buna görə də tərəflər müqavilədə yaxşılaşdırmaların hüquqi taleyi və onların dəyərinin ödənilməsi barədə xüsusi razılığa gəlmişlərsə, mübahisə həmin müqavilə şərtlərinə uyğun həll edilməlidir".



