İstanbulda avtomobil servisində qeydə alınan görüntülər müzakirələrə səbəb olub. Şişli rayonunda təkərində nasazlıq yaranan avtomobilin sahibi servisə müraciət edib. Dörd aylıq avtomobilin sahibinə bütün təkərlərin dəyişdirilməsi təklif olunub.
Lakin salon kamerasına düşən görüntülərdə servis əməkdaşlarının nasazlıq barədə müştəriyə yanlış məlumat verməyi müzakirə etdiyi eşidilib. Görüntülərin yayılması servis xidmətlərinin şəffaflığı və müştərilərin əlavə xərclərlə üzləşməsi məsələsini gündəmə gətirib.
Azərbaycanda da belə hallar yaşanırmı?
Demokrat.az-a bu barədə danışan avtomobil üzrə mütəxəssis, avtomexanik Elməddin Novruzov bildirib ki, təəssüf ki, Azərbaycanda da belə hallara rast gəlinir və bu, avtomobil təmiri sahəsində qarşılaşılan problemlərdən biridir:
"Hətta bu cür halların sayı kifayət qədər çoxdur. Avtomobilini təmirə etibar edən müştəri əksər hallarda texniki biliklərə malik olmadığı üçün ustanın və ya servisin dediklərinə inanmağa məcbur qalır. Bəzi vicdansız şəxslər də məhz bu etimaddan sui-istifadə edirlər. Təcrübəmdə və müşahidələrimdə rast gəlinən neqativ hallara misal olaraq avtomobilin təmir edilmədiyi halda müştəriyə təmir olunmuş kimi təqdim edilməsini, dəyişdirilməli olan ehtiyat hissəsinin əslində dəyişdirilməməsini, yeni detalın əvəzinə işlənmiş və ya keyfiyyətsiz detalın quraşdırılmasını göstərmək olar. Bundan başqa, bəzi servis və fərdi fəaliyyət göstərən ustalar tərəfindən avtomobillərin katalizatorlarının müştərinin xəbəri və razılığı olmadan sökülməsi, orijinal ehtiyat hissələrinin çıxarılaraq başqa, daha ucuz hissələrlə əvəz edilməsi kimi hallar da mövcuddur. Bəzən müştəriyə avtomobildə olmayan nasazlıqlar barədə məlumat verilir, əlavə təmir işləri uydurulur və görülməyən işlərə görə pul tələb olunur".
Mütəxəssisin sözlərinə görə, ən narahatedici məqamlardan biri müştərinin avtomobilini təmirə təhvil verdikdən sonra hansı işlərin görüldüyünə nəzarət edə bilməməsidir:
"Belə hallarda müştərinin məlumatsızlığından istifadə etmək çox asanlaşır. Amma burada bir məqamı xüsusi vurğulamaq istəyirəm: bütün servis və ustaları eyni cür qiymətləndirmək düzgün deyil. Azərbaycanda öz işinə vicdanla yanaşan, peşəkarlığı və müştəri etibarını hər şeydən üstün tutan kifayət qədər yaxşı mütəxəssislər də var.
Mənim fikrimcə, bu problemin həlli üçün avtomobil təmiri sahəsində şəffaflıq və məsuliyyət artırılmalıdır. Müştəriyə təmirə başlamazdan əvvəl nasazlıq, görüləcək işlər və ehtiyat hissələrinin qiyməti barədə məlumat verilməli, dəyişdirilən köhnə detallar ona təqdim edilməli, görülmüş işlərə isə zəmanət verilməlidir.
Bir mütəxəssis kimi hesab edirəm ki, avtomobil təmiri yalnız texniki bilik tələb edən fəaliyyət deyil, həm də böyük məsuliyyət və etibar tələb edən peşədir. Müştəri avtomobilini ustaya təhvil verəndə sadəcə maşınını deyil, həm də öz təhlükəsizliyini və pulunu etibar edir. Mən həmişə demişəm ki, düzəlməyən maşın yoxdur, amma təəssüf ki, öz işinə vicdanla yanaşmayan ustalar var. Avtomobili təmir etmək ustanın peşəsidir, müştərini aldatmaq isə peşəkarlıq deyil. Unutmaq olmaz ki, müştərinin etibarını bir dəfə itirmək asandır, onu yenidən qazanmaq isə çox çətindir".



