Bəzi hallarda şəxslər arasında yaranan borc məsələsi mübahisəyə səbəb olur. Borcunu geri ala bilməyən şəxs qarşı tərəfin şəkillərini sosial şəbəkələrdə paylaşaraq onun haqqında təhqiramiz ifadələr yazır və ictimaiyyət qarşısında nüfuzuna xələl gətirməyə çalışır.
Borc verən tərəfin bu cür davranışı qanunla nə dərəcədə tənzimlənir və borc alan şəxs öz hüquqlarını necə qoruya bilər?
Demokrat.az-a bu barədə danışan vəkil Elnur Məmmədov söyləyib ki, şəxslər arasında yaranan borc mübahisəsi borc verənə qarşı tərəfin şəxsi həyatına müdaxilə etmək, şəkillərini sosial şəbəkələrdə yaymaq və ya onu ictimai şəkildə təhqir etmək hüququ vermir:

"Borcun mövcudluğu və qaytarılmaması mülki-hüquqi münasibətdir və bu məsələ qanunla müəyyən edilmiş məhkəmə və digər hüquqi prosedurlar vasitəsilə həll olunmalıdır. Borc verən şəxs pulunu geri tələb etmək hüququna malik olsa da, bu hüquqdan istifadə edərkən qarşı tərəfin şərəf və ləyaqətinə, şəxsi toxunulmazlığına və nüfuzuna hörmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi böhtana, 148-ci maddəsi isə kütləvi şəkildə təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutur. Yəni şəxs borcunu qaytarmadığına görə onun haqqında bilərəkdən yalan, nüfuzdan salan məlumatların yayılması və ya nalayiq formada təhqir edilməsi hüquqi məsuliyyət yarada bilər".

Vəkilin sözlərinə görə, digər tərəfdən, Mülki Məcəllənin 23-cü maddəsinə əsasən, şəxs şərəf və ləyaqətini ləkələyən məlumatların təkzib olunmasını, həmin məlumatların yayılmasının yaratdığı zərərə görə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər:
"Şəxsin fotoşəklinin paylaşılması isə konkret şəraitdən, paylaşımın məqsədindən və şəxsi həyatın toxunulmazlığına müdaxilənin olub-olmamasından asılı olaraq ayrıca hüquqi qiymətləndirilməlidir. Belə hallarla üzləşən şəxs sosial şəbəkə paylaşımlarındakı sübutları toplayaraq qanunsuz paylaşımların silinməsi və hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməlidir".



