YapiKredi Müraciət Forması
Mazda CX-5
Region Özəl

"Bu, regionda yeni reallıqların göstəricisidir"

Bu, regionda yeni reallıqların göstəricisidir

"Azərbaycan ərazisindən Ermənistana son bir il ərzində 100 min tondan artıq yükün daşınması Cənubi Qafqazda formalaşan yeni siyasi və iqtisadi reallıqların konkret göstəricisidir. Bu rəqəmi sadəcə nəqliyyat və logistika statistikası kimi qiymətləndirmək düzgün olmaz".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, söhbət uzun illər münaqişə şəraitində mövcud olmuş iqtisadi məhdudiyyətlərin aradan qaldırılmasından və regionda yeni əməkdaşlıq imkanlarının yaranmasından gedir:

Bu, regionda yeni reallıqların göstəricisidir

"Prezident İlham Əliyevin Litvanın xarici işlər naziri ilə görüşündə açıqladığı bu fakt Azərbaycanın sülh gündəliyinə praktik yanaşmasını nümayiş etdirir. Azərbaycan öz ərazisindən Ermənistana yük daşınması üçün tranzit imkanları yaradıb, eyni zamanda birbaşa ticarət əlaqələrinin qurulması istiqamətində də addımlar atılıb. Bu, siyasi bəyanatların real iqtisadi nəticələrlə müşayiət olunduğunu göstərir. Burada mühüm məqam Azərbaycanın regionda nəqliyyat və logistika imkanlarından istifadəyə yanaşmasıdır. Azərbaycan öz coğrafi mövqeyini qarşıdurma deyil, iqtisadi əlaqələrin genişləndirilməsi və regional kommunikasiyaların inkişafı üçün imkan kimi təqdim edir. Bu yanaşma ölkəmizin Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində artan rolunun məntiqi davamıdır. Digər tərəfdən, 100 min tondan artıq yükün daşınması Ermənistan üçün də iqtisadi reallıqların dəyişməsi deməkdir. Çünki regionda nəqliyyat əlaqələrinin genişlənməsi, alternativ marşrutların yaranması və ticarət dövriyyəsinin artması Ermənistanın iqtisadi imkanlarına birbaşa təsir göstərir".

Politoloq əlavə edib ki, bu prosesdə Azərbaycanın iştirakı regional əməkdaşlığın real tərəfdaşlıq üzərində qurulmasının vacibliyini ortaya qoyur:

"Ancaq iqtisadi əlaqələrin inkişafı siyasi etimadın tam formalaşması demək deyil. Davamlı sülh üçün qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi, kommunikasiyaların maneəsiz işləməsi və siyasi razılaşmaların praktiki icrası vacibdir. Xüsusilə TRIPP layihəsi və Zəngəzur istiqamətində kommunikasiyaların açılması regional inteqrasiyanın daha geniş mərhələyə keçməsi baxımından əhəmiyyət daşıyır. Əsas məsələ budur ki, Azərbaycan sülhün iqtisadi dividendlərini artıq real layihələr və daşımalar vasitəsilə nümayiş etdirir. 100 min tonluq göstərici isə bu prosesin nəzəri müzakirə mərhələsindən praktik icra mərhələsinə keçdiyini göstərən mühüm faktdır".