YapiKredi Müraciət Forması
Mazda CX-5
Sağlamlıq Özəl

Optik eynək taxanların diqqətinə! — Çoxlarının bilmədiyi məqam

Optik eynək taxanların diqqətinə! — Çoxlarının bilmədiyi məqam

Son dövrlər apteklərdə və müxtəlif satış məntəqələrində hazır eynəklərin satışına rast gəlinir. Qiymətinin münasib və əlçatan olması səbəbindən bir çox insan göz müayinəsindən keçmədən belə eynəkləri alaraq istifadə edir. Lakin fərdi göz göstəriciləri nəzərə alınmadan seçilən eynəklər görmə problemlərini dərinləşdirə və göz sağlamlığına mənfi təsir göstərə bilər.

Bəs aptekdən alınan hazır eynəklər hansı hallarda təhlükəlidir və uzunmüddətli istifadə görmə qabiliyyətinə necə təsir edə bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında oftalmoloq Ofeliya Allahverdiyeva bildirib ki, bəzi insanlar görmə problemlərini həll etmək üçün həkim müayinəsindən keçmək əvəzinə, apteklərdən hazır eynəklər alaraq özbaşına istifadə edirlər.

Optik eynək taxanların diqqətinə! — Çoxlarının bilmədiyi məqam

Onun sözlərinə görə, bu hal həm insanların maddi çətinlikləri, həm də görmə sağlamlığı ilə bağlı kifayət qədər maariflənməməsi ilə əlaqədardır:

"Belə eynəklərə xüsusilə 28 May və 20 Yanvar metro stansiyalarının ətrafında tez-tez rast gəlmək mümkündür. Düzgün seçilməyən eynəklər insanda baş ağrısı, başgicəllənmə, gözlərin tez yorulması, sulanması, yazıların ikiləşməsi və diskomfort hissi yarada bilər. Eynəyin materialı keyfiyyətsiz olduqda isə gözdə qızartı, qıcıqlanma və quruluq da müşahidə olunur. Hazır eynəklərin əsas problemlərindən biri də bəbəklərarası məsafənin hər kəs üçün eyni götürülməsidir. Halbuki bu məsafə hər insanda fərqlidir. Hazır eynəklərdə, əsasən, 61-63 millimetr nəzərdə tutulur. Amma elə insanlar var ki, onlarda bu göstərici 58, 67, 68 və ya 70 millimetr ola bilər. Buna görə də eyni eynək hər kəsə uyğun gəlmir. Digər problem insanların eynəyi düzgün məsafədə sınaqdan keçirməməsidir. Məsələn, kimsə telefona, digəri qəzetə baxaraq eynək seçir. Halbuki eynəyin hansı məsafə üçün nəzərdə tutulduğu düzgün müəyyənləşdirilməlidir. Nəticədə insan öz görmə dərəcəsinə uyğun olmayan eynək alır və bu da gözlərin yorulmasına, yazıların ikiləşməsinə və digər narahatlıqlara səbəb olur. Bundan başqa, sağ və sol gözün görmə dərəcəsi də fərqli ola bilər. Hazır eynəklərdə isə hər iki göz üçün eyni nömrəli şüşələr olur. Bu da eynəyin insana uyğun gəlməməsinə səbəb olur. Astiqmatizmi olan şəxslər üçün də adi sferik şüşələr uyğun deyil. Belə insanlara silindrik şüşələr lazımdır. Əks halda baş ağrısı, başgicəllənmə, hətta ürəkbulanma kimi hallar yarana bilər. Ona görə də yaxşı olar ki, insanlar eynək almamışdan əvvəl həkimə müraciət etsinlər. Çünki görmə zəifliyi ilə yanaşı, gözdə katarakta, torlu qişa və digər problemlər də ola bilər. Həkim müayinəsi zamanı bu xəstəlikləri də aşkar etmək mümkündür. Hazır eynəklərin materialı da ciddi məsələdir. Mənşəyi məlum olmayan, keyfiyyətsiz materiallardan hazırlanan eynəklər gözlərdə əlavə problemlər yarada bilər. Belə məhsullarda lazımi optik xüsusiyyətlər və qoruyucu örtüklər olmaya bilər. Bundan başqa, kontakt linzalarla bağlı da diqqətli olmaq lazımdır. Hazırda linzalardan istifadə geniş yayılıb, lakin onların düzgün seçilməməsi və istifadə qaydalarına əməl olunmaması da göz sağlamlığı üçün ciddi problemlər yarada bilər".