YapiKredi Müraciət Forması
Mazda CX-5
Sağlamlıq Özəl

Kərə adı ilə görün nə satırlarmış — Diqqət!

Kərə adı ilə görün nə satırlarmış — Diqqət!

Bitki yağlarının qiymətinin bahalaşması istehlakçıları daha ucuz və bəzən keyfiyyəti şübhə doğuran məhsullara yönəldir. Gündəlik qidalanmada geniş istifadə olunan bu məhsulların seçimi isə həm ailə büdcəsi, həm də sağlamlıq baxımından əhəmiyyət daşıyır. Xüsusilə ucuz yağların tərkibi, istehsal keyfiyyəti və uzunmüddətli istifadəsinin mümkün fəsadları ilə bağlı suallar yaranır.

Bəs bahalı bitki yağlarına daha əlçatan və sağlam alternativlər varmı? İnsanlar hansı yağlardan istifadə etməklə həm xərclərini azalda, həm də sağlamlıqlarını qoruya bilərlər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, gün ərzində enerjili olmaq və orqanizmin sağlam inkişafını təmin etmək üçün yağ qəbulu mütləqdir.

Kərə adı ilə görün nə satırlarmış — Diqqət!

Onun sözlərinə görə, hər bir insanın gündəlik qəbul etməli olduğu yağ miqdarı yaşına, cinsinə və fiziki aktivlik səviyyəsinə görə dəyişir:

"Yağlar orqanizm üçün əsas enerji mənbələrindən biridir. Buna görə də yağ qəbul edərkən sağlamlığa zərər vurmamaq üçün keyfiyyətli və mənşəyi bəlli olan məhsullardan istifadə etmək lazımdır.

Ümumiyyətlə, yağları heyvan və bitki mənşəli qidalardan əldə edirik. Lakin bu yağlardan düzgün istifadə etmədikdə onların faydaları ilə yanaşı, zərərləri də ola bilər. Heyvan mənşəli yağları əsasən süd və süd məhsullarından, eləcə də ət məhsullarından əldə edirik. Bu yağların tərkibi əsasən doymuş yağ turşularından ibarətdir. Onlar orqanizmin enerji ehtiyacını ödəyir, eyni zamanda hormon balansının təmin olunmasında rol oynayır. Heyvan mənşəli yağların tərkibində A, D, E vitaminləri və digər yağda həll olan vitaminlər mövcuddur. Bu vitaminlərin miqdarı heyvanın növündən asılı olaraq dəyişir. Heyvan mənşəli yağlar yüksək kalorili olduğuna görə fiziki aktivliyi və idmanla məşğul olmağı sevən insanlar üçün enerji mənbəyi ola bilər. Bununla belə, həmin yağları qəbul edərkən miqdarı aşmamaq vacibdir.

Göz sağlamlığının qorunması, immun sisteminin dəstəklənməsi və sümüklərin sağlamlığı baxımından da heyvan mənşəli qidaların tərkibindəki yağda həll olan vitaminlərin əhəmiyyəti var. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, ət və süd məhsullarının tərkibindəki heyvan mənşəli yağlar yüksək miqdarda doymuş yağ turşuları ehtiva edir. Bu yağların həddindən artıq qəbulu xolesterinin səviyyəsini yüksəldə bilər. Xüsusilə xroniki və ürək-damar xəstəliklərindən əziyyət çəkən, hipertoniyası olan insanlar heyvan mənşəli yağlardan məhdud miqdarda istifadə etməlidirlər. Əks halda ürək-damar xəstəliklərinin yaranma riski arta bilər. Həmçinin bu yağların həddindən artıq qəbulu artıq çəkiyə, piylənməyə və maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər. Bitki mənşəli yağların tərkibində isə əsasən doymamış yağ turşuları üstünlük təşkil edir. Onların arasında omeqa-3 və omeqa-6 yağ turşuları da var. Bu yağlar ürək-damar sisteminin və beynin normal fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayır.

İnsanlar yaşadıqları iqlimə və coğrafi mövqeyə uyğun olaraq müxtəlif bitkilərdən əldə edilən yağlardan istifadə edirlər. Azərbaycanda da əsasən zeytun, günəbaxan və digər bitki yağlarına üstünlük verilir. Doymamış yağ turşuları ürək-damar xəstəlikləri riskinin azalmasına, yaxşı xolesterinin (HDL) səviyyəsinin qorunmasına və pis xolesterinin (LDL) aşağı salınmasına kömək edir. Bitki yağlarının tərkibindəki antioksidantlar da orqanizmə müsbət təsir göstərir. Lakin bitki yağlarından istifadə zamanı onların növünə və hansı məqsədlə işlədilməsinə diqqət yetirmək lazımdır. Xüsusilə soyuq sıxım üsulu ilə əldə edilmiş, emal olunmamış yağlardan yüksək temperaturda qızartma zamanı istifadə etmək məqsədəuyğun deyil.

Çünki yüksək temperatur yağın kimyəvi tərkibində dəyişikliklərə, oksidləşməyə və zərərli birləşmələrin yaranmasına səbəb ola bilər. Buna görə də soyuq sıxım yağlarından daha çox salatlarda və digər soyuq yeməklərdə istifadə etmək tövsiyə olunur. Bitki yağlarına üstünlük verən insanlar da balanslı qidalanmaya diqqət etməlidirlər. Ümumilikdə, sağlam və təhlükəsiz qidalanmanı təmin etmək üçün hər iki növ yağın düzgün miqdarda qəbul edilməsi vacibdir. Əsas məsələ yağın mənşəyinin bəlli olması, keyfiyyətli seçilməsi və gündəlik tələbatdan artıq istifadə edilməməsidir. Kərə yağı və digər yağ məhsullarının qiyməti heç də hər zaman onların keyfiyyət və təhlükəsizlik göstəricisi hesab edilə bilməz. Burada diqqət yetirilməli əsas məqamlardan biri məhsulun tərkibində süd yağının faizidir.

Əsl kərə yağında süd yağının miqdarı ən azı 82 faiz olmalıdır. Məhsulun əsas tərkibini inək südü və ya qaymağı təşkil etməlidir. Laborator analizlər zamanı yağın turşuluq göstəricisi, peroksid sayı və suyun miqdarı yoxlanılır. Eyni zamanda mikrobioloji analizlər aparılaraq məhsulda patogen bakteriyaların olub-olmaması müəyyən edilir. Xüsusilə idxal olunan məhsulların mənşə ölkəsinin tələblərinə, Avropa İttifaqının və Kodeks Alimentariusun müvafiq standartlarına uyğunluğu da nəzərə alınmalıdır. Bəzən kərə yağı adı altında müxtəlif yağ qarışıqları satışa çıxarılır. Məhsulun üzərində kərə yağı yazılsa da, etiket məlumatlarında bitki yağları, bitki mənşəli yağ qarışığı, spred və ya digər yağ məhsulları qeyd oluna bilər. Bunlar təbii kərə yağı hesab edilmir. Buna görə də istehlakçılar məhsul alarkən etiket məlumatlarını diqqətlə oxumalı, onun tərkibinə və mənşəyinə fikir verməlidirlər. Qiymət artımına gəldikdə isə bu, yalnız məhsulun keyfiyyəti ilə bağlı deyil. Dünya bazarındakı qiymətlər, logistika xərcləri və digər amillər də məhsulun son satış qiymətinə təsir göstərir.

Nəzərə almaq lazımdır ki, trans yağların və keyfiyyətsiz yağ məhsullarının həddindən artıq qəbulu sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə uşaqlar, yaşlı insanlar, hamilə qadınlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər qidalanma zamanı daha diqqətli olmalıdırlar. Belə yağların uzunmüddətli və həddindən artıq istifadəsi ürək-damar xəstəlikləri və digər metabolik problemlərin yaranma riskini artıra bilər. Bu baxımdan həm idxal olunan məhsullarda, həm topdansatış məntəqələrində, həm də pərakəndə satış zamanı yağların keyfiyyətinə və təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir. İstehlakçılar da məhsul alarkən onun mənşəyini, tərkibini və keyfiyyət göstəricilərini mütləq yoxlamalıdırlar".