Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti məsələyə aydınlıq gətirib ki, Azərbaycanın Qarabağ bölgəsini könüllü şəkildə tərk edərək Ermənistan vətəndaşlığı almış şəxslərə verilən yeni biometrik sənədlərin "doğulduğu yer" xanasında "Azərbaycan" qeyd olunacaq.
Xidmət buna etiraz edənlərə məsələni bir daha aydınlaşdırıb:
Dəfələrlə izah etdiyimiz kimi, şəxsiyyət sənədlərinə məlumatların daxil edilməsinin beynəlxalq standartlara uyğun həyata keçirildiyini bir daha vurğulamağı zəruri hesab edirik.Xüsusi texniki qurğular vasitəsilə oxuna bilən şəxsiyyət və səyahət sənədlərinin verilməsi ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) 9303 nömrəli Standartı ilə tənzimlənir; həmin standarta əsasən, "doğulduğu yer" xanası ISO 3166 standartına uyğun doldurulmalıdır. Bu standart, pasportda göstərilməsinə icazə verilən və dövlətlər üzrə təsnif edilmiş konkret coğrafi vahidləri müəyyən edir. Nəticədə, bu sahədə səlahiyyətli orqan - Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti - tərəfindən edilən və beynəlxalq standartlara uyğun olmayan hər hansı qeyd sərhəd-keçid məntəqələrində problemlər yaradır. Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinə müxtəlif ölkələrin sərhəd nəzarəti orqanlarından köhnə nümunəli mavi pasportlardakı qeydlərlə bağlı çoxsaylı məlumatlar daxil olmuşdur".
Agentlik qeyd edib ki, xidmətin gündəlik fəaliyyəti çərçivəsində köhnə nümunəli mavi pasportlardakı qeydlərlə bağlı məsələlər mümkün olan hallarda tərəfdaşlarla əlaqələndirilmiş şəkildə həll olunurdu.
"Yeni biometrik sistemin tətbiqi ilə ISO 3166 standartına uyğunluğun təmin edilməsinə və sərhəd-keçid məntəqələrində problemlərin qarşısının alınmasına yönəlmiş vahid yanaşma müəyyən edilib", - qurumun bəyanatında belə deyilir.



