Milli Məclisin deputatı Aydın Hüseynov Bakıətrafı qəsəbələrin, o cümlədən Qaradağ rayonunun baş planının hazırlanmasının vacibliyini vurğulayıb. O, bu təklifləri parlamentdə müzakirəyə çıxarılan qanun layihəsi ilə bağlı çıxışı zamanı səsləndirib.
Demokrat.az bildirir ki, deputat həmçinin Bakı ilə Ələt arasında sürət qatarının istifadəyə verilməsini təklif edib.
Aydın Hüseynovun sözlərinə görə, dövlət ehtiyacları üçün torpaqların alınması zamanı mülkiyyətçilərə ödənilən kompensasiya həm vətəndaşların, həm də dövlətin maraqlarına uyğun müəyyənləşdirilməlidir.
O bildirib ki, qanun layihəsinin müzakirəsi və qəbulu sakinlərdə mülkiyyət hüquqlarının qorunacağına, dövlət ehtiyacları üçün alınan əmlaka görə müvafiq kompensasiya veriləcəyinə inam yaradır.
Deputat qeyd edib ki, Bakı və ətraf qəsəbələrin genişlənməsi gələcəkdə infrastruktur və sosial obyektlərə tələbatı artıracaq.
"Baş planda təkcə dəmir yolları ilə və yaxud da digər dövlət ehtiyaclarına lazım olan və adları qanunda keçən sahillərlə yanaşı, infrastruktur, digər infrastrukturlar, sosial obyektlər, məktəblər, park-yaşıllıq sahələrinin açılması, uşaq meydançalarının tikilməsi, xəstəxana və sair, bax bu kimi obyektlərə də gələcəkdə çox böyük tələbat olacaq", - deputat bildirib.
Onun fikrincə, bu ehtiyacların əvvəlcədən baş planda nəzərə alınması gələcəkdə torpaq və tikinti məsələlərinin daha sistemli şəkildə tənzimlənməsinə imkan verəcək.
Aydın Hüseynov Bakı ilə Ələt arasında sürət qatarının işə salınmasının da vacibliyini diqqətə çatdırıb.
"Bakı və Ələt arasında sürət qatarının işə salınması çox əlverişli olar. Həm tıxacların aradan qaldırılması baxımından, həm də bütövlükdə vətəndaşlara, sakinlərə yüksək xidmətin göstərilməsi baxımından əlverişli olar", - Hüseynov qeyd edib.



