Alkoqolun hansı növü ölüm riskini daha çox artırır? – Araşdırmanın nəticələri
Alimlər müxtəlif spirtli içkilərin ölüm riski ilə əlaqəsini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, yüksək miqdarda alkoqol qəbulu ümumi ölüm riskini 24 faiz, xərçəngdən ölüm ehtimalını isə 36 faiz artırır. Az və orta miqdarda istehlak zamanı isə nəticələr içkinin növünə görə fərqlənib.
Demokrat.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi-Cənub Universitetinin alimlərinin və onların həmkarlarının "Nutrition Journal" jurnalında dərc olunan araşdırmasında bildirilib.
Tədqiqat çərçivəsində Britaniya Biobankının 340 924 iştirakçısının məlumatları təhlil edilib. İştirakçılar 13 ildən çox müddət ərzində müşahidə olunublar. Alimlər sorğular vasitəsilə onların qəbul etdikləri təmiz spirtin miqdarını, eləcə də üstünlük verdikləri içki növünü – şərab, pivə, sidr və ya yüksək dərəcəli alkoqollu içkiləri müəyyənləşdiriblər.
Ən yüksək ölüm göstəriciləri çox miqdarda alkoqol qəbul edənlər arasında qeydə alınıb. Bu qrupun nəticələri ümumiyyətlə spirtli içki qəbul etməyən və ya nadir hallarda içən şəxslərlə müqayisə edilib. Məlum olub ki, yüksək istehlak bütün içki növləri üzrə ölüm riskinin artması ilə əlaqəlidir.
Az və orta miqdarda alkoqol qəbul edənlər arasında isə fərqli nəticələr ortaya çıxıb. Şəraba üstünlük verən şəxslərdə ürək-damar xəstəliklərindən ölüm göstəricisi daha aşağı olub. Pivə, sidr və tünd spirtli içkilərə üstünlük verənlərdə isə bu riskin artdığı müşahidə edilib.
Alimlər hansı nəticəyə gəliblər?
Tədqiqat müəllifləri hesab edirlər ki, alkoqolun sağlamlığa təsirini qiymətləndirərkən yalnız içkinin növünü deyil, qəbul edilən ümumi spirt miqdarını və istehlak vərdişlərini də nəzərə almaq lazımdır.
Onların fikrincə, şəraba üstünlük verən insanlar arasında müşahidə olunan fərqlər qidalanma, gəlir səviyyəsi və həyat tərzi kimi amillərlə də bağlı ola bilər. Buna görə də araşdırmada şərabla ürək-damar xəstəliklərindən ölüm arasında müəyyən edilən əlaqə həmin içkinin ürək üçün faydalı olduğunu sübut etmir.
Tədqiqatçılar vurğulayırlar ki, nəticələr müşahidə xarakteri daşıyır və ayrı-ayrı içki növlərinin birbaşa sağlamlığa təsirini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.



