YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Özəl

Pul söhbətinə görə dostlar arasında "qan düşdü"

Pul söhbətinə görə dostlar arasında qan düşdü

Bakının Yasamal rayonunda iki dostun borc pul üstündə mübahisəsi cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonunun D.Bünyatzadə küçəsində yerləşən "N" saylı binanın qarşısında baş verib.

Ucar rayon sakini, 1992-ci il təvəllüdlü Əliqulu həmin ünvanda tanışı Zaurla (adlar şərtidir – red.) borc pul üstündə mübahisə edib. Əliqulu Zaurun ondan aldığı borcu qaytara bilmədiyini deyib. Bununla bağlı Zaur onunla kobud danışıb.

Aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Əliqulu əsəbiləşərək Zaurun ağız nahiyəsinə əlinin içi ilə qəsdən zərbə endirib və ona xəsarət yetirib.

Əliqulu barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə izahat verən Əliqulu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və Zaurun ondan şikayət və tələbinin olmadığını bildirib.

Zərərçəkmiş şəxs də təqsirləndirilənin dediklərini təsdiqləyib. O, Əliqulu ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını deyib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Əliqulu barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Editor
Redaktor