Bakının Sabunçu rayonunda ər-arvadın mübahisəsi cinayət işi ilə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şərur rayon sakini, 1981-ci il təvəllüdlü Ülvi birgə yaşadığı evdə arvadı Fatimə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı Ülvi qəsdən əlləri ilə arvadının sifət nahiyəsinə, daha sonra isə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Nəticədə Fatimə müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı Ülvi barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb. Zərərçəkmiş də ərinə qarşı şikayətini geri götürüb.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Ülvi cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Qeyd edək ki, Ülvi əvvəllər də ağır cinayətlər törətdiyinə görə məhkum olunub.
O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2001-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma – ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə), 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə ona 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Apellyasiya Məhkəməsinin 2001-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 4 ilədək endirilib.
2002-ci ildə Ülvi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilib.
Fariz Məlikli



