Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sənədinin imzalanması üçün tələb olunan əsas şərtin icrası istiqamətində Nikol Paşinyan hakimiyyətinin addımları, yeni konstitusiyanın mətninin ictimailəşdirilməsi revanşist-radikalların daha da quduzlaşması ilə müşayiət olunmaqdadır. Musavat.com-un məlumatına görə, erməni mediası hər gün bu mövzu ilə bağlı ağlasığmaz iddiaları tirajlamaqla hakim komandaya qarşı ictimai qəzəbi artırmağa çalışır.
Bu dəfə isə yeni konstitusiya ilə bağlı xüsusi qabardılan müddəa layihədə Ermənistan vətəndaşlarının Azərbaycana təhvil verilməsi imkanı yaradılmasıdır. Bu fikri vəkil Ovannes Xudoyan deyib.

Xudoyanın qiymətləndirməsinə görə, yeni müddəa onunla şərtlənir ki, vətəndaşlıqdan məhrumetmə təzyiq alətinə çevrilməlidir. Belə ki, insanlar öz əqidələrinə görə həbsxanaya düşməkdən qorxmadıqları üçün hakimiyyət yeni təzyiq üsulu fikirləşib. Eyni zamanda, bununla Ermənistan vətəndaşlarının digər ölkələrə verilməsinə dair qadağa aradan qaldırılır və o cümlədən Azərbaycanın tələbi ilə təhvil vermək imkanı yaranır.
Xudoyan bildirib ki, Azərbaycan hakimiyyəti üçün "Dağlıq Qarabağ" və ətraf rayonların ərazisində xidmət etmiş hər bir şəxs cinayətkar hesab olunur: ya sərhədi qanunsuz keçib, ya da döyüş əməliyyatlarının iştirakçısıdır.
"Vaxtilə Artsaxda xidmət etmiş hər kəs vətəndaşlıqdan məhrum edildikdən sonra Azərbaycana təhvil verilə bilər. İlk baxışdan bu, absurd görünür, lakin Azərbaycanın maraqlarına necə canfəşanlıqla xidmət edildiyini nəzərə alsaq, bu ssenarini real hesab etmək olar", - deyə Xudoyan bildirib.
Demokratiya və İnsan Hüquqları komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Ermənistanın yeni konstitusiya mətnində bu müddəanın təsbit olunması Azərbaycan üçün nəzərdə tutulmayıb:
"Ermənistan hesab edir ki, hər hansı bir şəxsi bu və ya digər səbəblərdən vətəndaşlıqdan məhrum edə bilər. Təbii ki, vətəndaşlıqdan məhrum etdikdən sonra digər hüquqi prosedurların başlanması istisna deyil. Yəni Ermənistan öz vətəndaşlarını ikinci və ya üçüncü ölkəyə təhvil vermək üçün qanunlarında məhdudiyyət qoyubsa, yeni konstitusiyada bu məhdudiyyət aradan qaldırılırsa, bəli, gələcəkdə rəsmi İrəvan müqavilə bağladığı dövlətlərə ikitərəfli və ya çoxtərəfli müqavilələr əsasında cinayət törətmiş şəxsləri digər dövlətlərə təhvil verə bilər. Amma bu, kütləvi hal ala bilməz. Yəni bu, absurd bir ideyadır. Bu, ölkənin tarixində hər 5-10 ildən bir tək-tək baş verə bilən hallardandır".
Onun sözlərinə görə, Ermənistanın onminlərlə vətəndaşı Qarabağda gedən döyüşlərdə iştirak edib: "Onda belə çıxır ki, Paşinyan həmin onminlərlə insanı vətəndaşlıqdan məhrum edib, Azərbaycana təhvil verəcək?! Xeyr, bu, real deyil. İnanmıram ki, rəsmi İrəvan keçmiş Dağlıq Qarabağda döyüşlərdə iştirak etmiş şəxsləri - mən sıraviləri, əmrə tabe olaraq oraya gələnləri, hərbi çağırış xətti ilə göndərilənləri nəzərdə tutmuram - mülki və ya komandirlər heyəti səviyyəsində kimlərisə Azərbaycana təhvil versin".
Çingiz Qənizadə Xocalı qatilləri - Serj Sərkisyan, Robert Köçəryan kimi canilərim təhvil verilməsini istərdi: "Çünki təkcə Xocalıda bir gecədə 613 mülki şəxsin və hərbçinin qətlə yetirilməsi soyqırımıdır. Soyqırımı törədənləri Azərbaycana təhvil verməkdən imtina edirlərsə, gələcəkdə reallaşması inandırıcı görünmür".
Hüquqşünas hesab edir ki, Xudayan revanşist qüvvələrə bağlıdır və yeni konstitusiya mətnini gözdən salmaq üçün təbliğatda iştirak edir.
Müsahibimiz qeyd edib ki, Paşinyan referendumdan sonra Sərkisyan, Köçəryan və digər qatilləri vətəndaşlıqdan məhrum edərək Azərbaycana təhvil verərsə, bu, tək-tək hal kimi müsbət dəyərləndirilə bilər: "Çünki onlar həm soyqırımı, həm müharibə cinayətləri törədiblər, terrorçuluqla məşğul olublar və ölkəmizə qarşı digər bir çox cinayət əməllərinə yol veriblər. Bu əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulan cinayətlərdir. Baxaq görək, zaman nə deyəcək, gələcəkdə nələr baş verəcək".



