YapiKredi Müraciət Forması
Mazda CX-5
Özəl Region

Erməni nazir: "Qarabağdan köçənlərin pasportlarında doğulduqları yerlərin erməni dilindəki adları yazıla bilməz"

Erməni nazir: Qarabağdan köçənlərin pasportlarında doğulduqları yerlərin erməni dilindəki adları yazıla bilməz

Arpine Sarqsyan hesab edir ki, belə ifadələrin daxil edilməsi vətəndaşların sərhədi keçərkən problemlərlə üzləşməsinə səbəb olardı və seçilmiş yanaşma ən optimal variantdır.

Demokrat.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın daxili işlər naziri Arpine Sarqsyan Qarabağ ermənilərinin yeni biometrik pasportlarında doğum yeri kimi "Azərbaycan"ın qeyd olunması ilə bağlı geniş müzakirələrə münasibət bildirib və məsələyə birdəfəlik nöqtə qoyub.

Nazir brifinqdə bildirib ki, beynəlxalq standartlara əsasən, bu pasportlarda Qarabağ ermənilərinə tanış olan yer adları göstərilə bilməz.

Xatırladırıq ki, Ermənistan vətəndaşlığı almış Dağlıq Qarabağı könüllü tərk etmiş ermənilərə verilən yeni biometrik sənədlərin "doğulduğu yer" bölməsində "Azərbaycan" qeyd olunub.

Qarabağdan könüllü çıxmış və Azərbaycan vətəndaşlığını qəbul etməkdən imtina etmiş erməni sakinləri bu qərarla razılaşmırlar və beynəlxalq qurumlara müraciət etməyi planlaşdırırlar.

Daxili İşlər Nazirliyinin qərarına qarşı çıxanların bir çoxu hesab edir ki, Qarabağ ermənilərinin pasportlarında "Azərbaycan" əvəzinə, onların doğulduqları şəhər və ya kəndlərin keçmiş erməni adları (Məsələn - Stepanakert, Martuni, Hadrut və s. - red) göstərilə bilərdi.

Erməni nazir isə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 saylı sənədinə və ölkələr, eləcə də onların inzibati-ərazi vahidləri üçün kodları tənzimləyən ISO 3166 standartına istinad edərək mümkünsüz olduğunu bildirdi.

Onun sözlərinə görə, pasportların doldurulması qaydaları müəyyən edilərkən, doğum yeri kimi ya ölkəni, ya da konkret yaşayış məntəqəsini qeyd etmək mümkündür. Eyni zamanda, ISO 3166 standartları təsdiqlənmiş yer adlarının (toponimlərin) geniş siyahısını əhatə edir.

"ICAO nümayəndələri ilə məsləhətləşmələrdən sonra 'doğulduğu yer' qrafasında ölkəni qeyd etməyə qərar verdik. Niyə konkret şəhər və ya kəndlər deyil? Çünki bu yaşayış məntəqələrinin ümumi qəbul olunmuş adlarından istifadə etmək sərhəd keçidi zamanı problemlər yarada bilərdi. Əgər pasportlarda ölkə əvəzinə konkret şəhər və ya kəndin adını qeyd etsəydik, Qarabağdan olan soydaşlarımızın istifadə etdiyi adları orada görə bilməzdiniz, çünki ISO standartlarına əsasən, həmin yaşayış məntəqələrinin yalnız Azərbaycan dilindəki adları göstəriləcək", – deyə Arpine Sarqsyan bildirib.

Daxili işlər naziri əlavə edib ki, pasportlarda doğum ölkəsi vətəndaşların istəyinə əsasən qeyd olunmur, miqrasiya orqanları bu məsələdə beynəlxalq standartları rəhbər tuturlar.

Alparslan