Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə yeni Aparat rəhbəri təyin olunub.
Demokrat.az xəbər verir ki, bununla Agentliyin sədri Səbuhi Sadıqov əmr imzalayıb.
Əmrə əsasən, Əhməd Talıbov Agentliyin Aparat rəhbəri vəzifəsinə təyin edilib.
O, bu təyinata qədər Agentliyinin Strateji planlama və maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Əhməd Rövşən oğlu Talıbov 1989-cu ildə anadan olub. 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "İqtisadi kibernetika" ixtisası üzrə bakalavr, 2014-cü ildə isə həmin universitetin "Maliyyə" ixtisası üzrə magistr dərəcəsini alıb.
O, 2012–2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Təminat Xidmətində (hazırda Sosial Xidmətlər Agentliyi), 2013–2017-ci illərdə "Bakı Metropoliteni"ndə, 2017–2023-cü illərdə "Prime Cotton"da müxtəlif vəzifələrdə çalışıb.



