YapiKredi Müraciət Forması
Mazda CX-5
Sosial media Özəl

"Söyüşə görə sosial şəbəkələri bağlamaq olmaz"

Söyüşə görə sosial şəbəkələri bağlamaq olmaz

"Sosial şəbəkələr müasir həyatımızın ən ciddi fenomenlərindən biridir. Təbii ki, bu şəbəkələr yeni yaranmağa başlayıb. Sosial şəbəkələr insanlara həddən artıq geniş azadlıqlar verir. Burada senzura yoxdur, o cümlədən özünüsenzura da yoxdur. Ona görə də müxtəlif dünyagörüşünə, intellektual səviyyəyə və əxlaqa malik insanlar sosial şəbəkələrin imkanlarından istifadə edirlər. Hətta narkotik ticarətçiləri və digər cinayətkarlar da bu platformalardan yararlanırlar. Faktiki olaraq, sosial şəbəkələr hamı üçün bərabər şərait yaradır."

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib deyib.

Onun sözlərinə görə, sosial şəbəkələri yalnız söyüş və təhqirlərin yayıldığı məkan kimi qiymətləndirmək doğru deyil:

"Burada Azərbaycan tarixi, elmi və mədəniyyəti ilə bağlı çox qiymətli verilişlər hazırlanır, məlumatlar yayılır. Etiraf etməliyəm ki, bir çox bilmədiyim məsələləri sosial şəbəkələrdən öyrənirəm. Bu da ümumi işimizə çox böyük təsir göstərir. Dövlət, təbii ki, sosial şəbəkələrdə insanların necə düşündüyünü, özlərini necə apardığını öyrənməli və buna uyğun maarifləndirmə işləri aparmalıdır. Söz azadlığının fəlsəfəsi bundan ibarətdir ki, insanlar düşündükləri kimi danışsınlar, hökumət isə onların düşüncələrindəki yanlışlıqları və ya qeyri-etik yanaşmaları görərək bu istiqamətdə iş aparsın.

Digər tərəfdən, burada azad rəqabət var. Söyüş söyənlərlə yanaşı, elmi və mədəni şəkildə fəaliyyət göstərənlər də mövcuddur. Əgər bu rəqabətdə söyüş söyənlər üstünlük qazanırlarsa, bunun müəyyən mənada günahı vətəndaşların özündədir. Deməli, həmin vətəndaşlar ağıllı fikirlərdən daha çox söyüşə, bayağı danışığa və ya qeyri-mədəni davranışlara üstünlük verirlər. Mənə elə gəlir ki, hər şeyi tənzimləmək cəhdi uğursuz olacaq. Çünki sosial şəbəkələr yerli informasiya şəbəkələrindən fərqli olaraq qlobal xarakter daşıyır. Heç kim bunun qarşısını ala bilməyəcək. Hətta müəyyən məhdudiyyətlər tətbiq olunsa belə, bu, lazımi effekti verməyəcək. Bizim əsas vəzifəmiz sosial şəbəkələrdə səviyyəni yüksəltməkdir. Bloggerlərin səviyyəsini artırmaq, alternativ bloggerlər yetişdirmək lazımdır. Müxtəlif sahələr üzrə çoxlu blogger yetişdirərək sosial şəbəkələrə cəlb edilməlidir.

Sərdar Cəlaloğlu əlavə edib ki, sosial şəbəkələrdə qeyri-adi dərəcədə pozucu hallar mövcud deyil:

"Ümumilikdə yayılan məlumatlara baxsaq, düşünürəm ki, xüsusilə gündüz saatlarında məlumatların 80 faizindən çoxu normal xarakter daşıyır və onlardan istifadə etmək mümkündür. Əvvəllər sosial şəbəkələrdə anonimlik imkanları daha geniş idi. Bəzi insanlar bu anonimlikdən istifadə edərək arzuolunmaz hərəkətlərə yol verirdilər. İndi isə anonimlik əvvəlki qədər əlçatan deyil. Hər bir şəxsi tapmaq və kimliyini müəyyənləşdirmək mümkündür. Bu baxımdan, nəzarət mexanizmləri də getdikcə daha yaxşı nəticə verməyə başlayıb. Əvvəlcə TikTok-u misal gətirək. TikTok-u bir küçə kimi təsəvvür edin. Küçədə necə müxtəlif əxlaqa, davranışa və intellektual səviyyəyə malik insanlar varsa, TikTok-da da eyni mənzərənin rəngarəng palitrasını görürük. Digər sosial şəbəkələr isə daha ciddi qaydalara və tənzimləmə mexanizmlərinə malikdir. Məsələn, YouTube-da zorakılıqla bağlı açıq çağırışlar etmək, müəyyən ifadələrdən istifadə etmək mümkün deyil. Yəni bu cür qaydaları olan sosial şəbəkələr də var.

Bəs insanlar niyə söyüşün geniş yayıldığı platformalara daha çox meyil göstərirlər, nəinki bu cür ciddi qaydaları olan şəbəkələrə? Bu da ayrıca araşdırılmalı məsələdir. Burada söhbət sadəcə tənqiddən getmir. Biz əvvəlcə problemləri öyrənməli, sonra onların həlli ilə bağlı dövlət səviyyəsində konkret işlər görməliyik. İnsanlara xəbərdarlıq etmək, onları həbs etmək, tənqid və ya qınamaq çox asandır. Amma bunların heç biri yaranmış vəziyyəti dəyişməyəcək, heç bir fayda verməyəcək. Ona görə də hesab edirəm ki, Ceyhun bəy bu problemi görürsə, onun həlli ilə bağlı konkret təkliflərini də irəli sürməlidir. Əgər bu gün sosial şəbəkələrdə söyüş məzmunlu paylaşımlar çoxdursa və ən maraqlısı da budur ki, onların kifayət qədər çox izləyicisi varsa, onda biz cəmiyyətimiz haqqında düşünməliyik. Deməli, cəmiyyətimizin müəyyən hissəsinin intellektual səviyyəsinin yüksəldilməsinə ehtiyac var. Bunun səbəbləri arasında iqtisadi və sosial vəziyyət, vətəndaşlarımızın şüuru üzərində lazımi intellektual işin aparılmaması və digər amillər var. Sosial şəbəkələr bu vəziyyətə düşməsin deyə həllini gözləyən çoxsaylı problemlər mövcuddur.

Vaxtilə televiziya yarananda da onun insanları korladığını deyirdilər. Qəzetlər meydana çıxanda da eyni münasibət var idi. Kütləvi informasiya vasitələrinin müxtəlif formaları yarandıqca, ilk növbədə, həmin vasitələrdə mənfi meyillər ön plana çıxır, eyni zamanda, onların tənqidi də geniş yer tutur. İndi də süni intellektlə bağlı narahatlıqlar var. Deyirlər ki, süni intellekt insanları korlayır və müxtəlif problemlər yaradır. Halbuki bunlar normal proseslərdir. İnnovasiya, yəni yenilik özü ilə hər zaman müəyyən neqativ halları da gətirir.

Allah-Təala Quranda buyurur ki, hər çətinliyin yanında bir asanlıq, hər çətinlikdən sonra bir asanlıq var. Mən sosial şəbəkələrin də gələcəkdə daha yüksək səviyyəyə çatacağına inanıram. Bunun üçün iş görmək lazımdır.

Mənə elə gəlir ki, söyüş məzmunlu paylaşımları izləyənlərin 90 faizi də oradan uzaqlaşaraq maraqlarına uyğun, daha keyfiyyətli məlumatların yayıldığı səhifələrə üz tutar. Yoxsa sosial şəbəkələr pisdir deyib onları bağlamaqla heç nə əldə etmək mümkün deyil.

Belə bir məşhur fikir var: Taxta bitini öldürmək istəyərkən evi yandırmaq olmaz. Biz artıq anlamalıyıq ki, dünyanın bütün yeniliklərindən nə qaçmaq mümkündür, nə də onların təsirlərindən tamamilə xilas olmaq. Sən burada hansısa platformanı bağlayacaqsan, qadağan edəcəksən, amma insanlar başqa yerdə yenə öz bildiklərini edəcəklər.

Ən yaxşısı budur ki, Mahatma Qandinin bir fikrində deyildiyi kimi, selin qarşısını kəsməyə çalışanda o, başqa yerləri dağıda bilər. İmkan vermək lazımdır ki, sel öz yatağını tapsın. Mənim bu məsələ ilə bağlı mövqeyim Mahatma Qandinin həmin fikirləri ilə üst-üstə düşür. Sosial şəbəkələrin inkişaf edərək xalqa, millətə və dövlətə lazım olan faydalı istiqaməti tapmasına imkan vermək lazımdır. Təbii ki, hər şeyi başıboş buraxmaq da olmaz. Dövlət müəyyən tədbirlər görməli, sosial şəbəkələrdə keyfiyyətli məlumatların yayılması, xalqın və millətin xeyrinə olan verilişlərin hazırlanması üçün addımlar atmalıdır. Burada böyük bir auditoriya var. Minlərlə insan bütün gününü sosial şəbəkələrdə keçirir. Hazırlanan verilişləri izləyən böyük auditoriya mövcuddur. Sosial şəbəkələrdəki auditoriya Azərbaycan televiziyasının və digər televiziya kanallarının auditoriyasından qat-qat böyükdür. Bu auditoriyanı düzgün istiqamətləndirmək lazımdır.

Xatırladaq ki, bu gün Deputat Ceyhun Məmmədov parlamentdə bildirib ki, sosial şəbəkələr söyüş platformasına çevrilib. Sosial şəbəkələr ilkin mahiyyətindən uzaqlaşaraq təhqir və söyüşlərin yayıldığı platformalara çevrilib. O, bu prosesin insanların düşüncəsinə mənfi təsir göstərdiyini və sahənin tənzimlənməsinə ehtiyac yarandığını vurğulayıb.