Bakının Nərimanov rayonunda bəzi evlər plana düşüb. Ərazidə söküntü işlərinin aparılması nəzərdə tutulur.
Manset.az-ın əldə etdiyi məlumata görə, yeni yol layihəsi ilə bağlı İsmayıl Hidayətzadə və Şahin Mustafayev küçələrinin kəsişməsində yerləşən fərdi yaşayış evləri nömrələnib.
Ağ Şəhərdən başlayan yeni yolun sözügedən ərazidən keçəcəyi bildirilir
Məsələ ilə bağlı Manset.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, layihə çərçivəsində Ağ Şəhər ərazisindən yolun inşasına artıq başlanılıb.
"İlkin mərhələdə yol tikintisi həyata keçiriləcək ərazidən kommunikasiya xətlərinin köçürülməsi və digər işlərin icrasına start verilib. Bu proses yekunlaşdıqdan sonra növbəti mərhələdə yolun tikintisi işləri həyata keçiriləcək", - deyə açıqlamada bildirilib.
Qurumdan verilən məlumatda evləri söküləcək vətəndaşlara veriləcək kompensasiya ilə bağlı sualımız da cavablandırılıb:
"Söküntü işləri və kompensasiya məsələləri ilə bağlı detallar layihənin növbəti mərhələsində, müvafiq tədbirlərin icrasına başlanıldıqdan sonra dəqiqləşəcək".



