YapiKredi Müraciət Forması
Mazda CX-5
Mədəniyyət

Xalq artisti Elmira Şabanova vəfat etdi

Xalq artisti Elmira Şabanova vəfat etdi

Xalq artisti Elmira Şabanova vəfat edib.

Demokrat.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, o, bu gün 86 yaşında dünyasını dəyişib.

Elmira Balahüseyn qızı Şabanova 1940-cı il noyabrın 1-də Bakıda anadan olub. O, 25 noyabr 2026-cı ildə 86 yaşında dünyasını dəyişib.

Aktrisa 1958–1962-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Daha sonra, 1969-cu ildə həmin ali təhsil müəssisəsinin rejissorluq fakültəsini bitirib.

Elmira Şabanova uzun illər pedaqoji fəaliyyətlə də məşğul olub. 1962–1997-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim və dosent vəzifələrində çalışıb.

Aktrisa 1977-ci ildə "Bədbəxtliyin astanasında" filmi ilə yenidən kinoya qayıdıb. Sonrakı illərdə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan 30-a yaxın bədii filmdə müxtəlif obrazları canlandırıb. Xüsusilə ana rolları ilə tamaşaçıların yaddaşında qalıb.

Onun çəkildiyi filmlər arasında "Qəm pəncərəsi", "Təhminə", "Fəryad", "Ötən ilin son gecəsi", "Gecə qatarında qətl" və "40-cı qapı" kimi ekran əsərləri var.

Elmira Şabanova 2000-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. O, həmçinin Prezident təqaüdçüsü olub.

Qeyd edək ki, Elmira Şabanova görkəmli kinorejissor Rüfət Şabanovun həyat yoldaşı, kinorejissor Fuad Şabanovun və sənətşünas Leyla Şabanovanın anası idi.