Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Mədəniyyəti – 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının əsas məqsəd və prioritetlərindən irəli gələrək, uşaqların milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, mədəni irsin təbliği, yaradıcılıq potensialının üzə çıxarılması və incəsənətə marağının artırılması məqsədilə müxtəlif mədəni-kütləvi tədbirlərin, festivalların, müsabiqələrin və maarifləndirici layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Bu istiqamətdə Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Meta Experimental Theatre Performance Studiyasının və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 10-17 Mart 2027-ci il tarixdə "3-cü Uşaq Teatr Festivalı" keçiriləcəkdir.
Festivalın əsas məqsədi uşaqların səhnə sənətinə marağını artırmaq, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, aktyorluq bacarıqlarını nümayiş etdirmələri üçün imkanlar yaratmaq və uşaq teatrının inkişafına töhfə verməkdir.
Festivalda 6–14 yaş aralığında olan uşaqlardan ibarət teatr kollektivləri iştirak edə bilərlər. İştirakçılar bədii, kukla və inklüziv tamaşalarla yanaşı, sərbəst mövzuda hazırlanmış səhnə əsərlərini də təqdim edə biləcəklər. Festival proqramına Azərbaycan və digər xarici müəlliflərin əsərləri əsasında hazırlanmış tamaşalar, eləcə də kollektivlərin öz yaradıcılığı əsasında ərsəyə gətirdikləri orijinal səhnə əsərləri daxildir.
Təqdim olunan tamaşaların müddəti 30–40 dəqiqə olmalıdır. Hər bir kollektivin səhnə heyəti 4, 6, 8 və ya 10 nəfərdən ibarət olmalıdır. Tamaşalar canlı ifa əsasında təqdim edilməli, bütövlükdə əvvəlcədən yazılmış fonoqram üzərində nümayişə yol verilməməlidir.
Festival çərçivəsində inklüziv teatr nümunələrinə də xüsusi diqqət yetiriləcək. Müxtəlif inkişaf xüsusiyyətlərinə və fərdi ehtiyaclara malik uşaqların səhnə fəaliyyətində iştirakı, onların yaradıcılıq potensialının üzə çıxarılması və bədii ifadə imkanlarının genişləndirilməsi layihənin əsas istiqamətlərindən biridir. Layihənin həyata keçirilməsinə tərəfdaşlar da öz töhfələrini verirlər. Parfum Depo, Bakı İllüziya Muzeyi, La coffee ra, Mədəniyyət Könüllüləri İctimai Birliyi, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi, Tələbə Təhsil Mərkəzi, Gilas Ceramics, NexFrame Media və Party Dress For Kids festivalın tərəfdaşları sırasında yer alırlar.
Layihənin rəhbəri Dağlar Yusif, ideya müəllifi isə Tural Əliyevdir.
"3-cü Uşaq Teatr Festivalı" uşaqların səhnə mədəniyyətinin formalaşmasına, teatr kollektivləri arasında yaradıcı əməkdaşlığın genişlənməsinə və gələcək nəsil sənətsevərlərin yetişməsinə dəstək verməyi hədəfləyir. Festival, həmçinin uşaqların öz istedadlarını nümayiş etdirmələri, yeni təcrübələr qazanmaları və teatr sənətinin müxtəlif istiqamətləri ilə yaxından tanış olmaları üçün mühüm yaradıcılıq platforması rolunu oynayacaqdır.



