YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya Özəl

Xərçəng olmadığı halda 10 il kimyaterapiya aldı - Həkimlərin səhvi həyatını dəyişdi

Xərçəng olmadığı halda 10 il kimyaterapiya aldı - Həkimlərin səhvi həyatını dəyişdi

Böyük Britaniyada yaşayan Bekki Cons xərçəng xəstəsi olmadığı halda 10 il ərzində kimyaterapiya müalicəsi alıb. Səhv diaqnoz səbəbindən qadın həyatının böyük bir hissəsini ağır müalicələrə sərf edib.

Demokrat.az xəbər verir ki, bu barədə "La Nacion" nəşri məlumat yayıb.

Hadisələr 2012-ci ildə Bekki Consun Koventri Siti stadionunda işlədiyi, gələcək həyat yoldaşı Pitlə münasibət qurduğu və polis orqanlarında çalışmağa hazırlaşdığı vaxt başlayıb. Güclü miqren tutmalarından sonra həkimə müraciət edən qadına 2014-cü ildə İen Braun adlı həkim tərəfindən dördüncü mərhələ qlioblastoma diaqnozu qoyulub. Ona ömrünün sonuna qədər kimyaterapiya almalı olduğu bildirilib.

Müalicə qadın üçün son dərəcə ağır keçib. O, davamlı ürəkbulanma, qarın ağrıları, ağız boşluğunda yaralar və yorğunluqdan əziyyət çəkib. Ailə tədbirlərinə qatılmaqdan, dostları ilə görüşməkdən uzaqlaşıb, polis olmaq planından imtina edib. Həkimlər ona ana ola bilməyəcəyini də desələr də, sonradan iki övladı dünyaya gəlib.

2024-cü ildə xəstəxanadan ona zəng edərək kimyaterapiyanın dayandırıldığını bildiriblər. Lakin qərarın səbəbi açıqlanmayıb. Yalnız 2025-ci ilin mayında müstəqil mütəxəssislər qadının beynində heç vaxt şiş olmadığını müəyyən ediblər. Məlum olub ki, Cons əslində steroid preparatları ilə müalicə edilən iltihabi beyin xəstəliyindən əziyyət çəkirmiş.

"Yetkin həyatımın böyük hissəsini tamamilə boş yerə bütün bunları yaşayaraq keçirmişəm", – deyə qadın bildirib.

Hazırda Bekki Cons 40-dan çox digər pasiyentlə birlikdə Koventri və Uorvikşir xəstəxana təşkilatına qarşı məhkəmə iddiası qaldırıb. Aparılan araşdırma zamanı müalicə alan 20 xəstədən 15-nin işində ciddi pozuntular aşkarlanıb. Səhv diaqnoz qoyan həkim İen Braun isə artıq təqaüdə çıxıb.

Cons yalnız ilkin diaqnozun səhv olmasından deyil, xəstəxanada uzun illər ərzində heç kimin təyin edilən müalicənin düzgünlüyünü yoxlamamasından da narazıdır.