YapiKredi Müraciət Forması
Mazda CX-5
Texnologiya Özəl

Süni intellekt çətin tapşırıqları həll edərkən söyüş söyməyə başlayıb

Süni intellekt çətin tapşırıqları həll edərkən söyüş söyməyə başlayıb

Süni intellekt modellərinin mürəkkəb tapşırıqları yerinə yetirərkən daxili düşünmə prosesində qeyri-etik ifadələrdən istifadə etdiyi məlum olub. Araşdırma zamanı bəzi neyron şəbəkələrin çətinliklə üzləşdikdə kobud sözlərə əl atdığı aşkarlanıb.

Demokrat.az xəbər verir ki, bu nəticəyə analitik şirkət "Vals"ın mütəxəssisləri 102 süni intellekt modeli tərəfindən həyata keçirilən 200 mindən çox tapşırıq cəhdini təhlil etdikdən sonra gəliblər. Araşdırmanın nəticələri şirkətin bloqunda dərc olunub.

Tədqiqatçılar 14 modeldə ümumilikdə 635 söyüş istifadəsi qeydə alıblar. Maraqlıdır ki, bu modellərin hamısı 2026-cı il iyulun 15-dən sonra təqdim edilib. Nümunələrdən birində süni intellektin "fuck" sözündən istifadə etdiyi cəhdlərin 88 faizi uğursuzluqla nəticələnib.

Kobud ifadələr əsasən istifadəçinin görmədiyi daxili düşünmə mərhələsində - modelin yekun cavabı hazırlamazdan əvvəl yaratdığı aralıq mətnlərdə yer alıb. Yalnız "Inkling 2 Small" modelində söyüşlərin bəzən birbaşa istifadəçiyə ünvanlanan cavablara keçdiyi müşahidə edilib.

Ən çox qeyri-etik ifadələrdən istifadə edən model isə 2026-cı ilin sentyabrında təqdim olunmuş "Xiaomi MiMo V2.6 Pro" olub. O, yoxlanılan sınaqların 8 faizindən çoxunda kobud ifadələr işlədib. Bu hal xüsusilə proqramların yenidən qurulması ilə bağlı tapşırıqlarda müşahidə edilib.

Araşdırmanın müəllifi Konor Frenk bildirib ki, modellər əsasən çətinliyə düşəndə və öz daxili düşünmə prosesində söyüşlərdən istifadə edirlər. Onun ehtimalına görə, bunun səbəbi süni intellekt sistemlərinin getdikcə daha mürəkkəb və uzunmüddətli tapşırıqlar üzərində öyrədilməsidir. Belə sınaqlarda uğursuz cəhdlərin və çıxılmaz vəziyyətlərin sayı artır.

Tədqiqatçılar söyüşlərin tapşırıqların həllinə müsbət təsir göstərmədiyini də müəyyən ediblər. Kobud ifadələr işlədilən cəhdlərin uğur göstəricisi cəmi 12 faiz olduğu halda, bütün nümunələr üzrə orta nəticə 39 faiz təşkil edib. Beləliklə, söyüşlər süni intellektə çətinlikləri aradan qaldırmaqda kömək etmir, əksinə, daha çox uğursuz cəhdlərlə müşayiət olunur.

Qeyd edək ki, araşdırılan 102 modeldən 88-i sınaqlar zamanı bir dəfə də olsun söyüş işlətməyib.