Vətəndaş taksi xidmətindən istifadə zamanı eyni istiqamət üzrə gediş və dönüş üçün fərqli qiymətlərlə qarşılaşdığını iddia edir. Bildirilib ki, xəstəxanaya gedərkən 10,40 manat ödəyib, geri qayıdarkən isə eyni ünvana yenidən sifariş verib. Qiymətin yenə təxminən eyni olacağını düşünən sərnişin bu dəfə daha yüksək məbləğlə qarşılaşıb.
Eyni məsafəyə taksi xidmətində fərqli qiymət təyin edilməsi nə dərəcədə doğrudur?
Demokrat.az-a bu barədə danışan nəqliyyat eksperti Raqif Raufoğlu söyləyib ki, söhbət pik saatlardan gedirsə və xüsusilə dünənki axşam nəzərdə tutulursa, qiymət artımının şəhərdəki tıxacla əlaqəli olması mümkündür:

"Dünən şəhərdə ciddi tıxac var idi, bəzi küçə və prospektlərdə avtomobillər 30-40 dəqiqə hərəkət edə bilmirdi. Bu, eyni məsafənin hər zaman eyni qiymətə başa gələcəyi anlamına gəlmir. Taksi sürücüsünün həmin ünvana neçə dəqiqəyə çatacağı, yolda nə qədər vaxt keçirəcəyi, hansı istiqamətdə hərəkət edəcəyi və yaxınlıqda boş taksinin olub-olmaması qiymətə təsir edən amillərdir".
Onun sözlərinə görə, məsələn, eyni marşrutu saat 15:00-16:00 aralığında, yaxud tıxacın əks istiqamətində hərəkət edərək daha qısa müddətdə qət etmək mümkündür:
"Pik saatlarda isə həmin məsafəyə daha çox vaxt sərf olunduğundan qiymət də dəyişə bilər. Əsas faktorlardan biri məsafə olsa da, sürücünün həmin yolu neçə dəqiqəyə qət edəcəyi, yolun tıxac vəziyyəti və taksilərə olan tələb də qiymət formalaşmasında rol oynayır. Buna görə eyni marşrut üzrə fərqli vaxtlarda fərqli qiymətlərin təklif olunması mümkündür".




