Fransanın Nitsa şəhər şurasının Azərbaycanda məhkum edilmiş erməni separatçılarına fəxri vətəndaş statusu verməsi və onların azadlığa buraxılmasına çağırış etməsi növbəti dəfə Azərbaycan-Fransa münasibətləri kontekstində müzakirələrə səbəb olub. Şəhər şurasının bu qərarı dövlətlərin suverenliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi və beynəlxalq hüquq baxımından da suallar doğurur. Xarici ölkənin yerli özünüidarəetmə orqanı başqa dövlətin məhkəməsinin qərarlarına bu formada münasibət bildirə bilərmi? Bu addımın hüquqi nəticəsi varmı və Azərbaycan hansı diplomatik vasitələrdən istifadə edə bilər?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Hafta.az-a açıqlamasında bildirib ki, Nitsa şəhər meriyasının qərarı hüquqi addım deyil, siyasi öhdəlik xarakteri daşıyır və heç bir hüquqi nəticə doğura bilməz.
Onun sözlərinə görə, Fransada erməni icmasının müxtəlif dövlət strukturlarında və bələdiyyə qurumlarında təmsil olunması belə qərarların qəbul edilməsinə təsir göstərən amillərdəndir.
"Nitsa şəhər meriyasının qərarını mən hüquqi addım hesab etmirəm. Bu, siyasi bir öhdəlikdir. Çünki bilirsiniz ki, Fransada ermənilərin sayı həddindən artıq çoxdur və onlar müxtəlif strukturlarda, eyni zamanda bələdiyyə qurumlarında özlərinə yer tapa biliblər. Hətta yüksək vəzifələrdə də təmsil oluna bilirlər.
Bu baxımdan Nitsa şəhər meriyasının belə bir qərar qəbul etməsi siyasi sifarişin yerinə yetirilməsindən başqa bir şey deyil. Onun heç bir hüquqi nəticəsi yoxdur və ola da bilməz. Sadəcə, sifariş verənlərin bu və ya digər maddi və qeyri-maddi dəstəyi nəticəsində onların tapşırıqlarının yerinə yetirilməsidir.
Nitsa şəhər şurasının Azərbaycanda məhkum edilmiş ermənilərə fəxri vətəndaş statusu verməsi beynəlxalq hüquq baxımından, eyni zamanda, həmin dövlətin mövcud hüquqi sistemi və qanunları baxımından ziddiyyətlidir.
Birincisi, bələdiyyələrin belə statuslar verməklə bağlı hansısa hüququ yoxdur. Vətəndaşlıq institutunun verilməsi dövlətlərdə tamamilə başqa cür tənzimlənir və bu məsələlər ölkənin prezidenti və müvafiq dövlət orqanları tərəfindən həll olunur. Bələdiyyə və onun şəhər şurası başqa ölkədə məhkum olunmuş şəxslərə fəxri vətəndaş statusu verməklə, yenə də qeyd etdiyim kimi, müəyyən siyasi tapşırıqları yerinə yetirir.
Özləri də bilirlər ki, bu, gülünc, hüquqi nəticəsi olmayan və eyni zamanda başqa dövlətin işlərinə müdaxilə xarakteri daşıyan qərardır.
O baxımdan hesab edirəm ki, bu məsələyə həddindən artıq əhəmiyyət verməyə ehtiyac yoxdur. Hüquqi nəticəsi olmayan bir qərarı ciddi qəbul edib ona xüsusi münasibət bildirmək, əksinə, həmin şəxsləri daha da həvəsləndirə bilər.
Onların məhkum edilmiş şəxslərə fəxri vətəndaş statusu verilməsi ilə bağlı atdıqları addım həmin şəxslərin Azərbaycanda məhkum olunmasının legitimliyini şübhə altına almağa yönəlib. Başqa ölkənin məhkəmə hakimiyyəti tərəfindən cəzalandırılmış şəxslərə bu cür münasibət həmin dövlətin daxili işlərinə, məhkəmə hakimiyyətinin və hüquq sisteminin fəaliyyətinə müdaxilədən başqa bir şey deyil.
Nəzərə alsaq ki, bu məhkum olunmuş şəxslər çox ağır cinayətlər törədiblər. Onlar terrorçuluq, terrorizmin maliyyələşdirilməsi, müharibə cinayətləri və saysız-hesabsız digər cinayətlər törədiblər. Söhbət 20-yə yaxın şəxsdən gedir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məhkum olunmuş bu şəxslərə simvolik fəxri vətəndaşlıq statusu verilməsi o deməkdir ki, Nitsa şəhər bələdiyyə şurası müharibə cinayətləri törədənləri tanıyır, dəstəkləyir və onlarla həmrəy olduğunu bildirir.
Bu isə demokratiyadan və insan hüquqlarından danışan Fransa kimi bir dövlətin özünü çətin vəziyyətə salan hallardan biridir.
Nitsa şəhər şurası özünüidarəetmə orqanıdır və başqa ölkənin məhkəmə prosesinə müdaxilə edə bilməz. Onun qəbul etdiyi hər hansı qərarın da, bayaq qeyd etdiyim kimi, heç bir hüquqi nəticəsi və legitimliyi yoxdur.
Azərbaycanın bu qərara hüquqi və diplomatik münasibət bildirməsinə gəlincə, hesab edirəm ki, Fransadakı səfirimiz, öz işinin öhdəsindən ləyaqətlə gələn və Fransa kimi ciddi bir dövlətdə fəaliyyət göstərən Leyla xanım bu prosesləri nəzarətdə saxlayır.
Düşünürəm ki, müəyyən diplomatik kanallarla qısa şəkildə etiraz bildirməklə bu məsələyə nöqtə qoymaq lazımdır. Daha ciddi etirazlara o qədər də ehtiyac görmürəm. Yəqin ki, Fransadakı səfirliyimiz və başda səfir Leyla xanım olmaqla bu məsələni nəzarətdə saxlayır və lazımi diplomatik kanallarla öz etirazlarını bildirəcəklər".




