Bakıda fəaliyyət göstərən ərzaq məhsullarının satışı və təchizatı şirkətində külli miqdarda oğurluq faktı aşkarlanıb. Şirkətin üç əməkdaşının ümumilikdə 155 min 378 manat dəyərində məhsulu gizli şəkildə anbardan çıxararaq mənimsədiyi müəyyən edilib.
Demokrat.az xəbər verir ki, hadisə "Sabko" MMC-də baş verib.
Araşdırma zamanı müəyyən edilib ki, üç əməkdaş şirkətin anbarından müxtəlif vaxtlarda ümumilikdə 155 378 manat dəyərində məhsul oğurlayıb. Mənimsənilən mallar arasında 46 113,84 manat dəyərində 15 579 ədəd enerji içkisi, 51 040,36 manatlıq 2 610,76 kiloqram və 12 226,06 manatlıq 618,42 kiloqram kərə yağı, həmçinin 6 785,86 manat dəyərində 1 570,80 kiloqram və 39 211,88 manatlıq 6 502,80 kiloqram müxtəlif növ yağ məhsulları olub. İşçilər məhsulları hissə-hissə və gizli şəkildə anbardan çıxarıblar.
İşçilərin qanunsuz fəaliyyəti növbəti dəfə anbardan məhsul çıxarmağa cəhd göstərdikləri zaman üzə çıxıb. Faktla bağlı hər üç şəxs barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesinin yekununda təqsirləndirilən şəxslər barəsində hökm elan edilib. Onlardan biri 4 il, digəri 4 il 8 ay, üçüncüsü isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, 2014-cü ildə təsis edilən "Sabko" MMC-nin qanuni təmsilçisi Amil Sadıqovdur. Şirkətin anbarı paytaxtın Nərimanov rayonu, Qarabağ küçəsində yerləşir. Müəssisə daha əvvəl də AQTA-nın yoxlamaları zamanı anbarda məhsulların saxlanma şəraiti ilə bağlı aşkar edilmiş nöqsanlara görə gündəmə gəlib. (xitab24.az)



