YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət Özəl

Pul ver səni birinci edim — Müsabiqələrlə bağlı qalmaqal

Pul ver səni birinci edim — Müsabiqələrlə bağlı qalmaqal

Azərbaycanda keçirilən gözəllik müsabiqəsi ilə bağlı qaliblərin və iştirakçıların tutduğu yerlərin əvvəlcədən pul qarşılığında müəyyənləşdirildiyi ilə bağlı iddialar gündəmə gəlib. Bu iddialar yarışmaların şəffaflığı və obyektivliyi ilə bağlı müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında kulturoloq Aydın Xan Əbilov bildirib ki, dünyanın müxtəlif ölkələrində, o cümlədən qlobal moda, geyim və dəb mərkəzlərində hər il müxtəlif gözəllik müsabiqələri keçirilir.

Pul ver səni birinci edim — Müsabiqələrlə bağlı qalmaqal

Onun sözlərinə görə, Azərbaycanda da belə yarışmalar təşkil olunur:

"Bu müsabiqələr yerli və regional əhəmiyyət daşıyır. Yarışmalarda müxtəlif şəxslər iştirak edir və hər müsabiqənin özünəməxsus şərtləri olur. Bəzi yarışmalarda gənc qızlar və oğlanlar, digərlərində isə yaşlı nəsil nümayəndələri və uşaqlar iştirak edirlər. Onlar gələn ilin dəbi, geyim tərzi və rəngi ilə bağlı müxtəlif müsabiqələrdə sima olaraq seçilə bilərlər. Eyni zamanda, bəzi müsabiqələrdə "Avropa gözəli", "Asiya gözəli", "Kainat gözəli" kimi beynəlxalq yarışmalarda ölkəni təmsil edəcək şəxslər müəyyənləşdirilir. Milli müsabiqələrin qalibləri sonradan dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq yarışmalarda iştirak etmək üçün seçilirlər. Azərbaycanda hər il keçirilən müxtəlif müsabiqələrdə, o cümlədən gözəllik yarışmalarında birinci, ikinci və üçüncü yerləri tutan iştirakçılar ətrafında mübahisəli fikirlər səsləndirilir.

Kimisi qalibin müəyyən şəxslərin dəstəyi ilə seçildiyini, kimisi onun pul ödədiyini, digərləri isə səsvermə zamanı müxtəlif üsullara əl atıldığını iddia edir. Əslində, belə mübahisələr dünyanın bir çox ölkəsində keçirilən müsabiqələr üçün xarakterikdir. Hər yarışmanın öz şərtləri var və həmin şərtlərə uyğun olaraq ilk üç yer müəyyənləşdirilir. Bəzi hallarda münsiflər heyətinin, mütəxəssislərin və tamaşaçıların fikirləri fərqlənə bilər. Belə vəziyyətlərdə əlavə həvəskar mükafatı və ya əlavə birinci yer verilə, yaxud birinci, ikinci və üçüncü yerlər bir neçə iştirakçı arasında bölüşdürülə bilər.

Müsabiqələr yalnız qadınlar və ya kişilər arasında keçirilmir. Bəzən cütlüklər də yarışır. Bununla yanaşı, yarışmanın şərtlərinə uyğun olaraq "ilin geyim obrazı", "ilin kosmetik gözəlliyi", "ilin bəyi" və digər nominasiyalar üzrə qaliblər müəyyənləşdirilə bilər. Jurnalların üz qabığı üçün də müxtəlif şəxslər seçilir. Müsabiqələrin nəticələri elan edilən zaman finalçılarla bağlı mübahisələrin yaranması normaldır. Çünki gözəllik obrazlı və subyektiv anlayışdır, dəqiq ölçülə bilən meyar deyil. Əlbəttə, müəyyən bədən və üz ölçüləri, göz rəngi, xarici görünüşlə bağlı tələblər ola bilər. Bəzi müsabiqələrdə evli şəxslərin iştirakı qadağan edilir, bəzilərində isə sifət və bədən quruluşunda müəyyən dəyişikliklərə icazə verilmir.

Hətta elə yarışmalar var ki, orada bakirəlik gözəlliyin ilkin şərtlərindən biri kimi qəbul edilir. Digər müsabiqələrdə isə əsas məqsəd müəyyən maraq dairələrinə uyğun şəxsin seçilməsidir. Məsələn, moda sənayesində fəaliyyət göstərən şirkətlər özləri üçün müəyyən bir sima seçə və həmin şəxsin müsabiqədə qalib gəlməsində maraqlı ola bilərlər. Onlar sponsor və ya reklamçı kimi yarışmaya dəstək verərək, seçdikləri iştirakçının qalib gələcəyi təqdirdə onunla əməkdaşlıq etmək istəyirlər.

Bu cür subyektiv amillərə normal yanaşmaq lazımdır. Çünki heç kim öz pulundan və varidatından səbəbsiz yerə keçmək istəmir. Kimin nəyinə lazımdır ki, sırf başqasının gözəlliyini nümayiş etdirmək üçün bu qədər vəsait xərcləsin? Burada maraqlı tərəflər var və onlar həmişə mövcud olublar. Kütləvi informasiya vasitələrinin, saytların və blogerlərin təsiri də müsabiqələrdə böyük rol oynayır. Finalçılar haqqında reklam, piar və qara piar kampaniyaları aparıla bilər. Bu, dünyanın hər yerində mövcud olan bir prosesdir. Müsabiqədən əvvəl və sonra müxtəlif qalmaqalların yaranması da yarışmanın moda sənayesində, kreativ sənayedə və ümumilikdə mədəni biznesdə daha çox səs-küy yaratmasına səbəb ola bilər.

Çünki bu sahəyə böyük vəsait yatırılır və həmin vəsaitin geri qayıtması gözlənilir. Müsabiqələrdə iştirak edən geyim modelyerlərindən tutmuş dəb müəyyənləşdirənlərə, böyük ticarət və pərakəndə satışla məşğul olan biznes strukturlarından tutmuş ticarət mərkəzlərinə, maraqlı mağazalara və onlayn satışla məşğul olan şəxslərə qədər çoxsaylı tərəflər bu yarışmalara maraq göstərirlər. Müsabiqədə seçilən şəxslərlə gələcəkdə moda agentlikləri, biznes təsisatları və digər şirkətlər müqavilə bağlaya bilərlər. Həmin iştirakçılar reklam agenti, şirkətin siması və ya konkret məhsulun reklam nümayəndəsi kimi fəaliyyət göstərə bilərlər. Ona görə də gözəllik müsabiqələrinə normal yanaşmaq, onların nəticələrinə müxtəlif don geyindirməmək lazımdır. Bu yarışmalarda şəffaflıq və obyektivlik müəyyən qədər arxa plana keçir. Çünki burada başqa maraqlar, biznes maraqları və böyük biznes layihələri mövcuddur.

Müsabiqələrin təşkilinə, reklama, kütləvi informasiya vasitələrinin elanlarına, televiziya çəkilişlərinə və digər fəaliyyətlərə böyük vəsait ayrılır. Yarışma uzun müddət davam edirsə, həmin müddətdə münsiflər heyətinə qonorar verilir, çəkilişlərə və digər işlərə də pul xərclənir. Bütün bunlar maliyyə tələb edir. Heç kim yalnız hər hansı bir gəncin gözəlliyinə görə bu qədər vəsait xərcləməz. Burada maraqlı tərəflər var və onlar dünyada qəbul edilmiş standartlara uyğun olaraq öz tələblərini irəli sürürlər. Bəzən müsabiqə təşkilatçıları ilə reklamçılar və digər maraqlı tərəflər arasında danışıqlar aparılır, müəyyən şəxslərin seçilməsinə şərait yaradılır. Mən bunu konkret olaraq hansısa müsabiqə haqqında demirəm, ümumiyyətlə, bu sahədə belə hallar mövcud ola bilər.

İstənilən halda gözəllik müsabiqələrində subyektivlikdən daha çox obyektivlik tələb etmək məsələsinə fərqli yanaşmaq lazımdır. Gözəlliyin özü subyektiv anlayışdır. Bizim üçün obyektivlik həm də gözlərimizin, baxışlarımızın və ürəyimizin gözəl olmasıdır. Əgər Azərbaycan vətəndaşı olan bir gənc beynəlxalq müsabiqədə ölkəmizi təmsil etmək üçün seçilirsə, onu gözəl kimi qəbul etməli, ona dəstək göstərməliyik. Onun piarı ilə məşğul olmalıyıq ki, sabah dünya müsabiqələrində iştirak edərkən başqa ölkələrin nümayəndələri və münsifləri də ona dəyər versinlər.

Ümumilikdə, Azərbaycanda bütün gənclərimiz istər qadınlar, istər kişilər, istər oğlanlar, istər qızlar, eləcə də uşaqlar və yaşlı insanlar təbiətdən və Allahdan bir gözəllik payı alıblar. Hər bir insanımızı hər hansı bir yarışmaya buraxsaq, ən azı öz gözəlliyi, gülüşü, xoş xasiyyəti, qaməti və saflığı ilə qalib gəlmək imkanı var. Bu səbəbdən müsabiqədə iştirak edən hər bir şəxs özünü birinci, ikinci və ya üçüncü yerə layiq iddialı iştirakçı kimi təqdim edə bilər. Əsas məsələ yarışmadan sonra ruhdan düşməmək, depressiyaya qapılmamaq və fəaliyyətini dayandırmamaqdır.

İştirakçılar müsabiqədən sonra CV-lərini, şəkillərini və yarışma zamanı çəkilmiş çıxışlarını hazırlayaraq müxtəlif biznes strukturlarına, dəb mərkəzlərinə, Azərbaycanda və xaricdə fəaliyyət göstərən moda agentliklərinə göndərə bilərlər. Bu materialları internet saytları və onlayn platformalar vasitəsilə, əlaqə məlumatlarını, o cümlədən WhatsApp nömrələrini əlavə etməklə paylaşmaq mümkündür. Əgər insan öz həyatını və karyerasını biznesə, xüsusilə kreativ biznesə bağlayırsa, mütləq mübarizə aparmalı və karyerasını qurmağı bacarmalıdır. Müsabiqədə qalib gəlmək mühüm olsa da, gələcək uğur üçün əsas olan əldə olunan imkanlardan düzgün istifadə etmək və fəaliyyətini davam etdirməkdir".