"2023-cü ildə təsdiq edilmiş dövlət proqramı çərçivəsində qeyri-qida istehlak mallarına dair milli texniki reqlamentlərin hazırlanması istiqamətində işlər aparılıb. Nəticədə 34 mal kateqoriyası və 1200-dən çox mal növü müəyyən edilib".
Demokrat.az xəbər verir ki, bu sözləri Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev media nümayəndələri üçün təşkil olunan "Qeyri-qida istehlak mallarının təhlükəsizliyi" mövzusunda keçirilən tədbir zamanı bildirib.

O söyləyib ki, bu kateqoriyalara maşın və avadanlıqlar, oyuncaqlar, yüngül sənaye və mebel məhsulları, qazla işləyən avadanlıqlar, liftlər, attraksionlar, tütün məmulatları, ətriyyat-kosmetika vasitələri və digər məhsullar daxildir:
"Hazırda həmin sahələr üzrə 47 milli texniki reqlament layihəsi hazırlanıb. Layihələr aidiyyəti dövlət qurumları və maraqlı tərəflərlə müzakirə olunub, sahibkarların, istehlakçıların və xarici ticarətlə məşğul olan subyektlərin rəy və təklifləri nəzərə alınıb.
Şöbə müdiri qüvvəyə minmiş reqlamentlər barədə də məlumat verib.
Bildirib ki, qaz yanacağı ilə işləyən avadanlıqlara dair ilk milli texniki reqlament may ayında qəbul edilib və noyabrın 6-dan qüvvəyə minib:
"Bundan başqa, 2026-cı il oktyabrın 7-də oyuncaqlarla bağlı növbəti texniki reqlament qəbul olunub. Sənədin qüvvəyə minməsi üçün altı aylıq keçid müddəti nəzərdə tutulub. Bu müddət ərzində istehsalçılar, idxalçılar və satıcılar fəaliyyətlərini yeni tələblərə uyğunlaşdırmalıdırlar".
Fidan Hacızadə



