"Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə noyabrın 26–27-də Ermənistanda geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək.
Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az-a açıqlamasında bildirib ki, keçən ilin avqustun 8-də imzalanmış tarixi Vaşinqton razılaşmaları nəticə etibarilə sülh prosesinə çox böyük təkan olub:

"Əsas məsələ sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin təmin edilməsidir. Bunun üçün başlıca vasitə Azərbaycan və Ermənistan arasında, eləcə də iki xalq arasında etimad mühitinin formalaşdırılmasıdır. Bu istiqamətdə artıq addımlar atılır. Bir neçə dəfə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri təmin edilib, görüşləri keçirilib, çox ciddi məsələlər müzakirə olunub. Eyni zamanda, iki dövlət arasında iqtisadi və ticarət əlaqələrinin kövrək də olsa, əsasları yaranmaqdadır. Artıq Azərbaycan ərazisindən tranzit kimi istifadə olunmaqla 105 ton məhsul Ermənistana çatdırılıb. İndi də məlum olub ki, noyabrın 26-27-də Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin geniş tərkibli ikitərəfli dəyirmi masası keçiriləcək. Bütün bunlar, heç şübhəsiz ki, sülh prosesinə aparan yolda mühüm hadisələrdir. Vətəndaş cəmiyyəti nümayəndələri nəticə etibarilə cəmiyyətdəki ab-havanı, ovqatı ifadə edirlər. Məlum olub ki, həm Azərbaycanda, həm də Ermənistanda vətəndaş cəmiyyəti nümayəndələri sülh prosesinə, sülhün öz məntiqi sonluğuna çatmasına konkret töhfə vermək istəyirlər. Bu da çox müsbət hadisədir".
Elman Nəsirov əlavə edib ki, noyabrın 23-də Ermənistanın yeni konstitusiyası ictimaiyyətə təqdim edilib və istisna edilmir ki, 2027-ci ilin yazına qədər yeni konstitusiya qəbul olunsun:
"Yeni konstitusiyanın qəbulu ilə bağlı müəyyən çətinliklər də var. Ancaq belə tədbirlər və görüşlər nəticə etibarilə Ermənistan ictimaiyyətinə də təsirsiz qalmır. Ermənistan ictimaiyyəti bir daha əmin olur ki, bütün çətinlikləri və maneələri aşaraq, istənilən yolla sülh müqaviləsini imzalamaq lazımdır. Ermənistan qarşısındakı bütün maneələri aradan qaldırmalıdır. Bu baxımdan belə təşəbbüslərin, görüşlərin, xüsusilə də "Sülh körpüsü" təşəbbüsünün əhəmiyyəti olduqca böyükdür. Məsələyə bu məntiqlə yanaşdıqda, hesab edirəm ki, yaxın perspektivdə təkcə vətəndaş cəmiyyəti nümayəndələri arasında deyil, digər qurumlar arasında da yaxınlaşma meyilləri konkret nəticələr verə bilər. Bu baxımdan mən bu görüşü yüksək qiymətləndirirəm. Bizim üçün əsas məqsəd sülh müqaviləsinin imzalanması və regionumuza uzunmüddətli, dayanıqlı sülhün gəlməsidir. Bu yolda atılan istənilən addım təqdirəlayiqdir".



