Dünən Bakıda keçirilən "Sabah" – "Barselona" qarşılaşması zamanı rusiyalı azarkeş dünyasını dəyişib. Məlumata görə, hadisə UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində baş tutan oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb. Belə ki, qarşılaşmanı izləmək üçün Rusiyanın Krasnoyarsk diyarından Azərbaycana gələn, 1987-ci il təvəllüdlü Anton Petrişevin qəfil halı pisləşib. O, stadionda vəfat edib.
Demokrat.az-a bu barədə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, azarkeşlik insanın emosional vəziyyətinə ciddi təsir göstərə və onu ekstremal emosiyalar yaşamağa sövq edə bilər:
"Əgər kimsə nəyinsə azarkeşidirsə, bu, artıq həmin emosiyaları öz üzərinə götürən insan deməkdir. Yəni bu insanlar emosional baxımdan ekstremal vəziyyətləri yaşamağa meyillidirlər. Təkcə futbola deyil, digər oyunlara da maraq göstərən, onları sevən insanlar var. Bu, bir növ emosional asılılıqdır. Azarkeşlik anlayışının özündə də müəyyən mənada nəyəsə bağlılıq, həddindən artıq emosional və fiziki asılılıq özünü göstərir".
"Məsələ burasındadır ki, bu, bütün əhalini deyil, müəyyən bir qrup həvəskarı, azarkeşi əhatə etdiyindən, onlar bu riskləri hər zaman nəzərə almalıdırlar. Amma bir məqamı da unutmamaq lazımdır: emosiyaların təsiri ilə ətrafdakılara, digər insanlara zərər vurmaq, cinayət törətmək, dağıntılar yaratmaq və bu kimi hallara yol vermək olmaz. İnsanlar emosiyalarının təsiri altında özlərini tənzimləməyi, onlara nəzarət etməyi bacarmalıdırlar. Emosiyalar istər sevinc, istərsə də kədər şəklində olsun, insan sonrakı davranışlarına nəzarət etməlidir. Düşünürəm ki, azarkeşlər də bunu nəzərə almalıdırlar", – deyə professor bildirib.



