Antidepressant qəbul edən bəzi pasiyentlər müalicənin nəticə vermədiyini düşünərək dərmanı vaxtından əvvəl dayandırır və ya dozanı özbaşına dəyişirlər. Halbuki mütəxəssislərin fikrincə, bu preparatların təsirini qiymətləndirmək üçün kifayət qədər vaxt gözləmək və müalicə qaydalarına əməl etmək vacibdir.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiyanın "Qazeta.ru" nəşrinə psixiatr, tibb elmləri namizədi Elvina Əhmətova danışıb.
Həkimin sözlərinə görə, antidepressantların təsiri ilk həftələrdə dərhal hiss olunmaya bilər. Müəyyən dəyişikliklər bir neçə həftə ərzində ortaya çıxır. Müalicənin nəticəsi preparatın dozası və qəbul müddəti nəzərə alınmaqla qiymətləndirilməlidir. Həkim artıq 2-4 həftədən sonra müsbət irəliləyişin olub-olmadığını yoxlamalıdır. Bununla belə, pasiyent müalicəni özbaşına dayandırmamalıdır.
Əhmətova bildirib ki, dərmanların düzgün qəbul edilməməsi də müalicənin nəticəsiz qalmasının əsas səbəblərindəndir. Bəzi pasiyentlər həbləri qəbul etməyi unudur, dozanı azaldır və ya özlərini yaxşı hiss edən kimi dərmanı dayandırırlar.
Mütəxəssis qeyd edib ki, yan təsirlər bəzən müalicəvi təsirdən daha tez üzə çıxır. Bu isə onların mütləq dözülməli olduğu anlamına gəlmir. Belə hallarda həkimə məlumat vermək və müalicə sxemini yenidən nəzərdən keçirmək lazımdır. Bəzi antidepressantların qəfil dayandırılması isə kəsilmə sindromuna səbəb ola bilər. Onun əlamətləri bəzən depressiyanın yenidən qayıtması ilə səhv salınır.
Psixiatr müalicə zamanı alkoqol, kannabis və digər psixoaktiv maddələrin istifadəsinə də diqqət çəkib. Onun sözlərinə görə, bu maddələr narahatlığı artıra, yuxunu poza və depressiv əlamətləri gücləndirə bilər. Dərmanlarla birlikdə istifadə edildikdə isə arzuolunmaz reaksiyaların riski yüksəlir.
Əhmətova həqiqi müalicəyə davamlı depressiya ilə şərti müqaviməti də fərqləndirməyin vacib olduğunu vurğulayıb. Adətən, ən azı iki adekvat antidepressant müalicə kursundan sonra yetərli nəticə əldə edilmədikdə terapevtik rezistentlikdən danışmaq mümkündür. Lakin sadəcə iki dəfə dərman dəyişdirmək bu diaqnozun qoyulması üçün kifayət deyil. Hər iki müalicə kursunun lazımi dozada və müddətdə aparıldığı təsdiqlənməlidir.
Həkim diaqnozun yenidən nəzərdən keçirilməsinin də vacibliyini bildirib. Bəzən depressiya əlamətləri kimi görünən şikayətlərin arxasında bipolyar pozuntu və ya başqa somatik xəstəlik dayana bilər.
Bundan başqa, hər kəsin orqanizmində dərmanların metabolizm sürəti fərqlidir. Buna görə də bir insana kömək edən preparatın digərinə də eyni təsiri göstərəcəyinə zəmanət yoxdur. Mütəxəssis antidepressantı tanışının məsləhəti ilə dəyişdirməyin müalicənin nəticələrinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.



