Azərbaycan ilə Çin arasında imzalanmış beynəlxalq avtomobil daşımaları haqqında saziş ratifikasiya ediləcək.
Bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisə daxil olub.
Layihə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabahkı iclasında müzakirəyə çıxarılacaq.
Demokrat.az xəbər verir ki, azxeber.com-a istinadən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu daşımaların bir sıra üstünlükləri var və gələcəkdə belə bir sazişin imzalanması ölkəmiz üçün geniş perspektivlər aça bilər.
"Azərbaycan bu sahədə tranzit rolunu da oynaya bilər. Çünki Çin hazırda dünya bazarında elektrik avtomobillərinin istehsalı və inkişafı üzrə əsas ölkələrdən biri hesab olunur. Çin istehsalı olan avtomobillər dünya bazarında lider mövqelərə sahibdir. Digər mühüm məqam Çinin avtomobil istehsalı sahəsində sürətlə inkişaf etməsidir. Ölkənin istehsal potensialı və bazardakı payının artması digər dövlətlərin avtomobil istehsalçıları arasında ciddi narahatlıq yaradır. Belə ki, Çin avtomobil sənayesi o qədər sürətlə inkişaf edir ki, bu, digər istehsalçıların rəqabət imkanlarına və bazardakı mövqelərinə təsir göstərir.
Azərbaycana gəldikdə isə, sazişin qüvvəyə minməsi ilk növbədə avtomobil alqı-satqısı ilə məşğul olan şirkətlər üçün əlverişli imkanlar yaradacaq. Ölkəmizdə fəaliyyət göstərən iri şirkətlər avtomobil istehsalı və yığımı üçün öz konveyerlərini qura, bu istiqamətdə xüsusi istehsal bazası formalaşdıra bilərlər. Nəticədə, ölkəyə idxal olunan avtomobillərin bazardakı mövqeyi güclənə, rəqabət artaraq nəqliyyat vasitələrinin qiymətlərinin aşağı düşməsinə müsbət təsir göstərə bilər".



