YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət Özəl

Heyvan saxlayanlar 1000 manat cərimələnə bilər — Diqqət!

Heyvan saxlayanlar 1000 manat cərimələnə bilər — Diqqət!

Qonşuların ev heyvanlarını nəzarətsiz şəkildə küçəyə buraxması bəzən digər sakinlər üçün ciddi problemə çevrilir. Xüsusilə qoyun və keçilərin həyətlərə daxil olaraq ağaclara, güllərə və dekorativ bitkilərə zərər vurması narazılıq yaradır. Şifahi xəbərdarlıqlara baxmayaraq, problem davam etdikdə sakinlər belə halların qarşısını almaq üçün hansı hüquqi addımları ata biləcəklərini bilmirlər.

Bəs qonşunun nəzarətsiz buraxdığı heyvanların başqasının əmlakına zərər vurmasına görə hansı məsuliyyət nəzərdə tutulur? Sakinlər hara müraciət edə bilərlər?

Demokrat.az-a açıqlamasında vəkil Mircavid Miriyev bildirib ki, Azərbaycanda ev heyvanlarının saxlanması ilə bağlı Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli, 38 nömrəli qərarı ilə müvafiq qaydalar təsdiq edilib.

Vəkilin sözlərinə görə, həmin qaydalara əsasən, ev heyvanlarını saxlayan şəxslər ərazinin epizootoloji sabitliyinin və insanların sağlamlığının qorunmasını təmin etməlidirlər.

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, dövlət sanitariya nəzarəti, daxili işlər və yerli icra hakimiyyəti orqanları şəxslərin bu qaydalara əməl etmələrinə nəzarət edirlər.

Ev heyvanlarının sahibləri, müəssisə və təşkilatların vəzifəli şəxsləri heyvanların saxlanması şərtlərini pozduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müvafiq qaydaları mütəmadi pozan və nöqsanların aradan qaldırılmasını təmin etməyən heyvan sahibləri haqqında dövlət sanitariya nəzarəti orqanının və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin təqdimatına əsasən yerli icra hakimiyyəti orqanı həmin şəxsi ev heyvanı saxlamaq hüququndan məhrum etmək məqsədilə məhkəməyə müraciət edir. Qeyd edim ki, nəzarət edilməsi nəzərdə tutulan heyvanların siyahısına iri buynuzlu mal-qara da daxildir", – deyə vəkil bildirib.

Heyvan sahibini hansı cəza gözləyir?

Mircavid Miriyev qeyd edib ki, Mülki Məcəlləyə əsasən, heyvanın sahibi onun başqasına vurduğu zərərə görə məsuliyyət daşıyır. Heyvanın nəzarətdən çıxması və ya qaçması da bu məsuliyyəti aradan qaldırmır.

Vəkil bildirib ki, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində də bu sahədə bir sıra məsuliyyət tədbirləri nəzərdə tutulub.

"Qadağan olunmuş yerlərdə heyvan saxlamaq və gəzdirmək, onları sahibsiz buraxmaq, cilovsuz gəzdirmək, müalicə məqsədi daşımayan cərrahi müdaxilələr etmək (qulaq və quyruğun kəsilməsi və s.), habelə heyvana lazımi qulluq və qayğının göstərilməməsi hallarında 200 manat cərimə tətbiq edilir.

Bu pozuntular təkrarlandıqda cərimə 300 manata, insan sağlamlığına zərər və ya maddi ziyan vurulduqda isə 800-1000 manatadək yüksəlir.

İctimai yerlərdə, binanın həyətində və ya girişində ev heyvanının yaratdığı məişət səs-küyünə görə, xüsusilə saat 00:00-dan 07:00-dək, 150-200 manat məbləğində inzibati cərimə tətbiq oluna bilər", – deyə vəkil vurğulayıb.

Qoyun və keçi yola çıxarsa, məsuliyyət kimə aiddir?

Vəkil əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsinə əsasən, mal-qaranın yolda nəzarətsiz saxlanılmasına, asfalt və sement-beton örtüklü yollarla keçirilməsinə, eləcə də mal-qaranın və at arabasının (kirşənin) sutkanın qaranlıq vaxtında və ya məhdud görünmə şəraitində dəmir yollarından və yolların bu məqsəd üçün xüsusi ayrılmayan hissələrindən keçirilməsinə görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

"Nəzarətsiz buraxılan qoyun, keçi və ya dananın yola çıxması nəticəsində yol-nəqliyyat hadisəsi baş verərsə, avtomobilə dəymiş maddi ziyanı, yaxud sürücü və sərnişinlərə dəymiş xəsarətin əvəzini heyvan sahibi ödəməli olur.

Həmçinin vurulmuş ziyana görə mülki məsuliyyətdən əlavə, ev heyvanları başqa şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurarsa, şəxsin ölümünə səbəb olarsa, əmlakına xeyli və ya külli miqdarda ziyan vurarsa və digər bu kimi hallarda heyvan sahibinin təqsirli olduğu müəyyən edilərsə, o, müvafiq ictimai təhlükəli əmələ görə cinayət məsuliyyətinə cəlb edilə bilər.

Bütün bunlarla bağlı olaraq, qeyd edilən qaydaların pozulması nəticəsində zərər çəkən şəxs qaydaları pozan şəxsin mülki məsuliyyətə cəlb edilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi üçün isə müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir", – deyə vəkil fikirlərini yekunlaşdırıb.

Beləliklə, zərər çəkən vətəndaşlar dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə, heyvan sahibinin cərimələnməsi üçün isə polis orqanlarına müraciət edə bilərlər.

Editor
Redaktor