Şəhərsalma və yenidənqurma layihələri çərçivəsində yaşayış evlərinin sökülməsi bəzən mülkiyyətçilərlə razılaşma əldə olunmadığı üçün uzana bilir. Xüsusilə kompensasiya məbləği, evin qiymətləndirilməsi və köçürülmə şərtləri ilə bağlı fikir ayrılıqları layihələrin icrasına təsir göstərir. Bu zaman həm vətəndaşların mülkiyyət hüquqlarının qorunması, həm də layihələrin vaxtında həyata keçirilməsi məsələsi gündəmə gəlir.
Bəs ev söküntüsü ilə bağlı layihələr nə qədər yubana bilir? Vətəndaş evdən çıxmaq istəmədikdə proses necə tənzimlənir? Bu kimi hallarda layihənin tam dayandırıldığı hallar baş verib mi?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Demokrat.az-a açıqlamasında bildirib ki, qanunvericilik bütün hallarda mülkiyyət hüququnun qorunmasını əsas prinsip kimi qəbul edir.

Onun sözlərinə görə, bu hüquq Konstitusiyada təsbit olunmuş vətəndaş hüquqlarından biridir:
"Əgər vətəndaşın hər hansı əmlaka mülkiyyət hüququ varsa, həmin əmlak onun əlindən qanunsuz şəkildə alına bilməz. Yəni vətəndaşı zorla öz evindən və ya sökülməsi nəzərdə tutulan obyektdən çıxarmaq olmaz. Onun hüquqları müvafiq qaydada qanunla qorunur. Lakin nəzərə almaq lazımdır ki, bəzi hallarda dövlət ehtiyacları üçün müəyyən ərazilərdə layihələr həyata keçirilir. Dövlət tərəfindən icra olunan bu cür layihələrdə vətəndaşın layihəyə etiraz etmək hüququ məhdudlaşa bilər. Çünki söhbət biznes layihəsindən deyil, ictimai əhəmiyyət daşıyan layihədən gedir. Belə hallarda vətəndaşa alternativ əmlak və ya müvafiq kompensasiya təqdim edilməli, o da qanunvericiliyə uyğun olaraq qərarın icrasına əməl etməlidir.
Amma söhbət hər hansı investorun inşa edəcəyi binadan gedirsə, burada vəziyyət fərqlidir. Vətəndaş dövlət mənafeləri naminə mülkiyyətindən imtina etmir, konkret olaraq həmin ərazidə həyata keçiriləcək layihə ilə bağlı razılığa gəlir. Buna görə də tərəflər arasında müvafiq razılaşma əldə olunmalı və proses həmin razılaşmaya əsasən həyata keçirilməlidir. Təcrübədə elə hallar müşahidə olunub ki, sakinlərin böyük əksəriyyəti investorla və ya dövlət qurumu ilə razılaşaraq mülkiyyətlərindən imtina edib, müqavilə imzalayıb və kompensasiya alıb. Lakin bir neçə sakin daha yüksək məbləğ əldə etmək istəyir və ya qarşılarında müəyyən problemlərin həlli dayanır. Məsələn, biri övladı üçün mənzil almaq, digəri isə əlavə olaraq avtomobil əldə etmək istəyir. Bu səbəbdən daha yüksək kompensasiya tələb edirlər. Təbii ki, belə problemlərin həlli yolları mövcuddur. Təcrübədə elə hallar olub ki, layihələrin icrası uzun müddət gecikib. Ərazidən müvəqqəti köçürülən sakinlərə mənzil kirayəsi üçün ödənilən vəsaitin müddəti başa çatıb, tikinti şirkətləri isə ciddi maliyyə itkiləri ilə üzləşiblər.
Belə halların qarşısını almaq üçün hüquqşünasların, qiymətləndiricilərin və dövlət qurumlarının birgə fəaliyyəti ilə optimal həll yolu tapılmalıdır. Mən hesab edirəm ki, ən uyğun variantlardan biri üçüncü tərəf müstəqil qiymətləndirici tərəfindən müəyyən edilən kompensasiya məbləğinin əsas götürülməsidir. Vətəndaş həmin məbləğlə razılaşdığı halda mülkiyyətindən imtina edə bilər. "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, bu cür hallarda qiymətləndirici obyektiv qiymətləndirmə aparmalı, tərəflərdən heç birinin marağını güdmədən müstəqil mövqeyini ortaya qoymalıdır. Təbii ki, bu proses qiymətləndiricinin peşəkar imkanları çərçivəsində həyata keçirilməlidir. Bundan başqa, böyük ictimai layihələrin, o cümlədən Bakı şəhərinin Baş Planı 2040 layihəsinin icrası qarşısında yaranan maneələr də müxtəlif yollarla aradan qaldırılmalıdır. Bunun üçün qanunvericiliyə müvafiq əlavələr və dəyişikliklər edilə bilər. Çünki böyük layihələrin qarşısının alınması nə dövlətin, nə də vətəndaşların maraqlarına uyğundur. Burada elə bir həll yolu tapılmalıdır ki, vətəndaşların hüquq və mənafeləri pozulmasın, dövlət layihələri həyata keçirilsin, investorlar isə öz iqtisadi maraqlarını təmin edə bilsinlər.
Məsələn, illərdir mütəxəssislərin və ya aztəminatlı ailələrin yaşadığı yataqxanalar mövcuddur. Bu yataqxanalarda mənzillərin sahəsi çox kiçikdir. Bir çox hallarda yaşayış otaqları 18, 20, 25, maksimum 30 kvadratmetr olur. Bundan başqa, müxtəlif köməkçi otaqlar da ümumi istifadədədir. Belə yataqxanaların sakinlərinə kompensasiya ödənilərkən elə məbləğ müəyyən olunur ki, həmin vəsaitlə onlar gələcəkdə nə mənzil əldə edə, nə də uzun müddət kirayədə qala bilərlər. Buna görə də yataqxanalarla bağlı xüsusi qərar qəbul edilməlidir. Əgər həmin yataqxanaların yerində yeni bina inşa olunacaqsa, investorla razılaşma əldə edilməli və sakinlərə ən azı bir otaqlı, kiçik sahəli mənzillər təqdim olunmalıdır. Bu, onların gələcəkdə də yaşayış şəraitini təmin etməsinə imkan verər. Əks halda, insanların taleyini qeyri-müəyyən vəziyyətdə qoymaq olmaz.
Bu cür hallar kifayət qədər çoxdur. Kompensasiya məsələsinə ümumi yanaşmaq düzgün deyil. Burada fərdi yanaşmaya ciddi ehtiyac var. Çünki söküntü və abadlaşdırma işlərinin, şəhərin Baş Planına uyğun yenidən qurulmasının məqsədi yalnız binaların sökülüb yenidən tikilməsi deyil. Əsas məqsəd vətəndaşların məmnunluğunun təmin olunmasıdır".



