YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət Özəl

Torpaqla bağlı müraciətlərin 90 faizinə niyə imtina verilir? — Açıqlama

Torpaqla bağlı müraciətlərin 90 faizinə niyə imtina verilir? — Açıqlama

Bəzi vətəndaşlar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə sahib olsalar da, həmin ərazilərdə ev tikmək istəyirlər. Lakin torpağın təyinatı buna imkan vermədiyindən müxtəlif sənədləşmə prosedurları ilə qarşılaşırlar. Digər tərəfdən, bəzi ərazilərdə torpaqların təyinatı kənd təsərrüfatı olsa da, faktiki olaraq evlər tikilib və həmin ərazilər yaşayış məntəqəsinə çevrilib.

Bəs belə vəziyyətdə torpaq sahibi sahəni tikinti üçün yararlı hala gətirmək məqsədilə hansı prosedurlardan keçməlidir?

Əmlak eksperti Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı müvafiq qanunvericilik mövcuddur:

"2024-cü ilin payızında ölkə başçısı tərəfindən imzalanan qanun 2025-ci ilin əvvəlindən qüvvəyə minib. Həmin qanun kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsi üçün fiziki və hüquqi şəxslərə müəyyən imkanlar yaradır. Buna baxmayaraq, 2026-cı ilin sonuna yaxınlaşdığımız bir vaxtda, təxminən iki il ərzində torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı çox az sayda müraciətin müsbət nəticələndiyini görürük.

Dəqiq statistikanı bu barədə müvafiq qurum – daşınmaz əmlak dövlət xidməti təqdim edə bilər. Lakin mənim bildiyimə görə, kənd təsərrüfatı təyinatlı torpaqlarda artıq fərdi ev tikmiş və ya həmin torpaqların təyinatını dəyişərək ev, yaxud digər obyekt inşa etmək istəyən vətəndaşların əksəriyyətinə imtina cavabı verilir. Bunun əsas səbəbi isə tikinti və şəhərsalma qanunvericiliyinin tələbləri ilə bağlıdır.

Qanunvericiliyə əsasən, ərazi planlaşdırılması sənədlərinə müəyyən dövrlərdə, o cümlədən beş ildən bir yenidən baxılması və dəyişikliklərin aparılması nəzərdə tutulur. Bunun üçün yerli icra qurumları müraciət etməli, şəhərsalma və tikinti üzrə müvafiq qurumlar ərazi planlaşdırılmasına dəyişikliklər etməlidir. Şəhərsalma sənədlərində yaşayış ərazisi və ya müvafiq zona kimi nəzərdə tutulmayan torpaqların təyinatının dəyişdirilməsi müəyyən prosedurlardan keçməlidir. Sonda isə bu dəyişikliklər Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir".

Ekspert əlavə edib ki, məhz bu prosedurlar həyata keçirilmədikdə, həmin ərazilərdə yerləşən torpaqların təyinatını dəyişmək mümkün olmur:

"Bu səbəbdən belə müraciətlərin böyük əksəriyyətinə, təxminən 90 faizinə imtina cavabı verildiyini düşünürəm. Vətəndaşlar müraciətlərinin nəticəsindən narazı qaldıqları üçün bəzi hallarda məhkəməyə də üz tuturlar. Lakin məhkəmə yolu ilə də hər zaman müsbət nəticə əldə etmək mümkün olmur.

Çıxış yolu isə ərazinin faktiki vəziyyətinin nəzərə alınmasıdır. Əgər kənd təsərrüfatı təyinatlı torpaq zamanla yaşayış ərazisinə çevrilibsə, bu halda vətəndaşların kollektiv müraciəti daha məqsədəuyğun ola bilər. İlk növbədə, sakinlər yerli icra hakimiyyətinə müraciət etməlidirlər. Torpaq bələdiyyəyə məxsusdursa, müraciət ilkin olaraq həmin bələdiyyəyə ünvanlanmalıdır. Bələdiyyə isə kollektiv müraciəti aidiyyəti dövlət qurumlarına, o cümlədən Şəhərsalma və Arxitektura Komitəsinə, eləcə də Nazirlər Kabinetinə yönləndirməlidir.

Bu qurumların müvafiq qərarları və ərazi planlaşdırılmasına edilən dəyişikliklər nəticəsində torpaqların təyinatının dəyişdirilməsi məsələsi həll oluna bilər. Belə kollektiv müraciətlər faktiki olaraq yaşayış məntəqəsinə çevrilmiş ərazilərlə bağlı problemin həlli istiqamətində müəyyən irəliləyişə nail olmaq üçün əsas vasitələrdən biri hesab olunur".

Fidan Hacızadə

Bəxtiyar Umarlı
Managing Editor