YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı Özəl

Yapışqan nədən hazırlanır? - Tərkibində heyvan sümükləri və balıq orqanları da var

Yapışqan nədən hazırlanır? - Tərkibində heyvan sümükləri və balıq orqanları da var

Gündəlik həyatda istifadə etdiyimiz yapışqanın hazırlanmasında düşündüyümüzdən daha fərqli xammallardan istifadə olunur. Onun tərkibinə sintetik polimerlər, heyvan zülalları, bitki nişastası, su və müxtəlif kimyəvi əlavələr daxil ola bilər. Məlum olur ki, bəzi ənənəvi yapışqan növlərinin istehsalında heyvan dərisi, vətərləri, sümükləri, hətta balıqların üzmə kisələrindən də istifadə edilib.

Demokrat.az xəbər verir ki, bu barədə "HowStuffWorks" nəşri yazıb.

Nəşrin məlumatına görə, bütün yapışqan növləri üçün vahid istehsal formulu yoxdur. Məhsulun tərkibi onun hansı materialları birləşdirmək üçün nəzərdə tutulmasından asılıdır. Məsələn, kağız üçün nəzərdə tutulan yapışqan şüşə və ya metal səthlərin birləşdirilməsində eyni nəticəni verməyə bilər.

Yapışqanın əsasını, adətən, polimerlər təşkil edir. Bu maddələr birləşmənin möhkəmliyini təmin edən uzun molekulyar zəncirlərdən ibarətdir. Su və ya digər maye daşıyıcı yapışqanın rahat tətbiq edilməsinə imkan yaradır. Məhsul quruduqda həmin maye buxarlanır. Tərkibdəki xüsusi əlavələr isə yapışqanın qatılaşmasına, elastikliyinə və bərkimə müddətinə təsir göstərir.

Yapışqan heyvan sümüklərindən də hazırlanır

Ənənəvi heyvan mənşəli yapışqanlar kollagendən əldə edilir. Bu zülal heyvanların dərisində, vətərlərində və sümüklərində mövcuddur. Sözügedən xammal isti su ilə emal edildikdə kollagen jelatinə çevrilir və yapışdırıcı xüsusiyyət qazanır.

Məhz bu səbəbdən keçmişdə köhnə atların yapışqan fabriklərinə göndərilməsi barədə yayılan məlumatların tarixi əsası var. Atlar və digər heyvanlar uzun müddət bu məhsulun istehsalında xammal kimi istifadə olunub. Bununla belə, yapışqan hazırlamaq üçün mütləq köhnə heyvanlardan istifadə edilməsi tələb olunmur.

Heyvan mənşəli yapışqanların başqa bir növü balıqdan hazırlanır. Onun istehsalında balıqların başı, dərisi və sümüklərindən istifadə edilib. Daha keyfiyyətli növləri isə balıqların üzmə kisələrindən əldə olunub. Bu məhsullar qədim dövrlərdən rəssamlar və sənətkarlar tərəfindən tətbiq edilib.

Müasir yapışqanların tərkibi fərqlidir

Bu gün istehsal olunan yapışqanların böyük hissəsi sintetik komponentlər əsasında hazırlanır. Məsələn, məktəblərdə və ağac emalında istifadə edilən PVA yapışqanının əsas maddəsi polivinil asetatdır.

Super yapışqanların tərkibində isə siyanoakrilat olur. Bu maddə səthdəki az miqdarda nəmin təsiri ilə çox sürətlə bərkiyir. Epoksi yapışqanlar isə adətən qatran və bərkidicidən ibarət iki komponentin qarışdırılması ilə hazırlanır. Onlar kimyəvi reaksiyaya girərək möhkəm polimer quruluşu əmələ gətirir.

Bundan başqa, rezin əsaslı kontakt yapışqanları və qızdırıldıqda əriyən termoyapışqanlar da mövcuddur. Bitki nişastası və təbii qatranlardan hazırlanan yapışdırıcılar isə alternativ xammal hesab olunur.

Maraqlıdır ki, yapışqanın tarixi müasir kimya sənayesindən xeyli əvvələ gedib çıxır. Arxeoloji tapıntılara əsasən, təxminən 200 min il əvvəl insanlar daş alətlərin hazırlanmasında ağcaqayın qatranından istifadə ediblər. Qədim misirlilər isə 4 min ildən çox əvvəl mebel istehsalında heyvan mənşəli yapışqanlardan yararlanıblar.

Müasir sintetik yapışqanların geniş inkişafı isə əsasən İkinci Dünya müharibəsindən sonrakı dövrə, xüsusilə 1950–1960-cı illərə təsadüf edir.