YapiKredi Müraciət Forması
Mazda CX-5
Özəl Region Siyasət

İran və Azərbaycan münasibətlərini qarşıda nə gözləyir? — Açıqlama

İran və Azərbaycan münasibətlərini qarşıda nə gözləyir? — Açıqlama

İranın Cənubi Qafqaz siyasəti və Azərbaycanla münasibətləri regionda baş verən geosiyasi proseslər fonunda diqqət mərkəzindədir. Tehranın bölgədəki maraqları, Ermənistanla əlaqələri və Azərbaycanın regional mövqeyinin güclənməsi iki ölkə arasındakı münasibətlərin gələcək perspektivini gündəmə gətirir.

Politoloq Oqtay Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, İranın son dövrlər Cənubi Qafqazla bağlı siyasətində sərtləşmə müşahidə olunur.

İran və Azərbaycan münasibətlərini qarşıda nə gözləyir? — Açıqlama

Onun sözlərinə görə, xüsusilə Zəngəzur dəhlizi və TRIPP layihəsinin reallaşdırılması ilə bağlı proseslər Tehranda narahatlıq doğurur:

"İranın bir sıra dairələri bu layihələrin regionda geosiyasi və iqtisadi balansı dəyişə biləcəyini düşünür. Hazırda həmin dairələrin isterik bəyanatlarının şahidi oluruq.

Ümumilikdə, son bir ili nəzərdən keçirdikdə İranın İsrail və ABŞ-la müharibədən sonra bölgədəki siyasətinin daha aqressiv xarakter aldığını görürük. Söhbət təkcə Yaxın Şərq və Körfəz ölkələrindən getmir. Eyni zamanda, İranın Cənubi Qafqaz siyasətində də Rusiya ilə koordinasiyalı və aqressiv fəaliyyət həyata keçirdiyini müşahidə edirik. Bu ilin martında Naxçıvana dron hücumu Azərbaycan-İran münasibətlərində gərginliyi artıran hadisələrdən biri kimi yadda qaldı. Hadisə iki ölkə arasında təhlükəsizlik məsələlərini və qarşılıqlı etimad problemini yenidən gündəmə gətirdi.

Azərbaycanın buna sərt reaksiyası oldu. Bununla yanaşı, müharibə dövründə İrana humanitar yardım göstərən ilk ölkə Azərbaycan oldu. Həmçinin İrandan çıxan xarici vətəndaşların, eləcə də İran vətəndaşlarının ölkə daxilində hərəkət etməsinə və ölkədən xaricə çıxmasına şərait yaradan ölkə də Azərbaycan idi. Lakin İranın mühafizəkar adlandırılan, SEPAH-a yaxın siyasətçiləri, ekspertləri, hərbçiləri və din xadimləri Azərbaycana qarşı ənənəvi ritorikalarını davam etdirdilər.

Düşünürəm ki, bundan sonrakı dövrdə də İranla Azərbaycan arasında ziddiyyətlər davam edəcək. Münasibətlərimiz gah gərginləşən, gah da yumşalan formada olacaq. Bu münasibətləri müəyyənləşdirən əsas amillərdən biri, şübhəsiz ki, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət olacaq. İran bütün gücü ilə çalışır ki, Azərbaycanın daxilindəki yatmış hücrələri oyatsın, özünə bağlı təsir qrupları və agentura şəbəkəsi vasitəsilə Azərbaycan dövlətinin daxilinə və onun siyasətinə müxtəlif təsirlər göstərsin. Bu baxımdan, iki ölkə arasındakı münasibətləri ziqzaqlı münasibətlər kimi də qiymətləndirmək olar. İran özünün ənənəvi siyasətini davam etdirməyə çalışacaq. Azərbaycan isə indiyədək həyata keçirdiyi, qonşularla normal münasibətlərin qorunmasına əsaslanan siyasətini davam etdirəcək. Bu səbəbdən münasibətlərdə xüsusi bir kəskin dəyişikliyin baş verəcəyini düşünmürəm.