YapiKredi Müraciət Forması
Mazda CX-5
Sənaye və energetika Özəl

İş axtaranların diqqətinə: Litva Cəbrayılda zavod tikir — Açıqlama

İş axtaranların diqqətinə: Litva Cəbrayılda zavod tikir — Açıqlama

Cəbrayıl rayonunda Litva şirkəti tərəfindən mebel istehsalı müəssisəsi tikilir. Layihə çərçivəsində 600 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

İşğaldan azad edilmiş ərazilərdə xarici investorların istehsal müəssisələri qurması bölgənin iqtisadi potensialının artırılması ilə yanaşı, yerli əhalinin məşğulluğu baxımından da əhəmiyyətlidir.

Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, Litva mebel istehsalı sahəsində regionda tanınan və fərqlənən ölkələrdən biridir.

Onun sözlərinə görə, bu baxımdan, Litva şirkəti ilə əməkdaşlıq Azərbaycanda istehsal olunan mebellərin həm daxili bazara çıxarılmasına, həm də ixrac imkanlarının genişləndirilməsinə şərait yarada bilər.

"Təbii ki, bu, işğaldan azad olunmuş ərazilərimizin iqtisadiyyatının genişləndirilməsi və reinteqrasiyası baxımından da çox vacibdir. Belə bir müəssisənin yaradılması həmin ərazilərdə iqtisadi inkişafı dəstəkləməklə yanaşı, yeni iş yerlərinin açılmasına və yerli əhalinin məşğulluğunun təmin edilməsinə töhfə verəcək.

Bu sahədə həm ixtisaslı kadrlara ehtiyac yaranacaq, həm də yerli sakinlərin işlə təmin olunması üçün əlavə imkanlar formalaşacaq. Çünki işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təmin edilməsi prioritet məsələlərdəndir. Burada əsas hədəflərdən biri yalnız dövlət sektorunda deyil, özəl sektorda da iş imkanlarının yaradılmasıdır.

Bu kontekstdə sözügedən anlaşma və yeni müəssisənin qurulması həmin ərazilərdə yaşayan vətəndaşların məşğulluğuna müsbət təsir göstərəcək. Eyni zamanda, yerli istehsalın artmasına, qeyri-neft ixracı imkanlarının genişlənməsinə və bütövlükdə yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.

İstehsal müəssisələrinin fəaliyyətə başlaması onun ətrafında əlavə xidmət sahələrinin, logistika və təchizat zəncirinin inkişafına da zəmin yarada bilər. Bu isə təkcə müəssisədə çalışanların deyil, dolayı yolla digər sahibkarlıq subyektlərinin də iqtisadi imkanlarının genişlənməsinə səbəb ola bilər", – deyə deputat bildirib.