Şükranlıq bayramından sonra süfrələrdə qalan yeməklərin saxlanılması məsələsi yenidən gündəmə gəlib. Hinduşka əti, kartof püresi, müxtəlif salatlar və digər qidaların bir neçə gün ərzində istehlak edilməsi adi hal olsa da, onların düzgün şəraitdə saxlanılmaması qida zəhərlənməsinə səbəb ola bilər.
Demokrat.az xəbər verir ki, ABŞ-nin "AOL" nəşri bu mövzu ilə bağlı qida təhlükəsizliyi üzrə mütəxəssislərin tövsiyələrini dərc edib.
Mütəxəssislərin sözlərinə görə, bişmiş yeməkləri soyuducuda 4 gündən artıq saxlamaq məsləhət görülmür. Bunun üçün soyuducunun temperaturu 4,4 dərəcə Selsi və ya daha aşağı olmalıdır. Dondurucuda saxlanılan qidalar isə növündən asılı olaraq 2-6 ay ərzində keyfiyyətini qoruya bilər.
Florida A&M Universitetinin qida mikrobiologiyası üzrə dosenti Vicay Çetri bildirib ki, yeməklər hazırlandıqdan sonra iki saat ərzində soyuducuya yerləşdirilməlidir. Onun sözlərinə görə, qidaların kiçik və dayaz qablara bölünməsi onların daha sürətli soyumasına kömək edir.
Mütəxəssislər yeməklərin hava keçirməyən qablarda saxlanılmasını, üzərində hazırlanma tarixinin qeyd edilməsini də tövsiyə edirlər. Qalıq yeməklər yenidən istifadə edilməzdən əvvəl daxili temperaturu 74 dərəcəyə çatana qədər qızdırılmalıdır.
Xüsusilə hinduşkanın içərisində bişirilən içlik daha riskli qidalar sırasında göstərilir. Belə yeməklər gec soyuduğundan bakteriyaların çoxalması üçün əlverişli şərait yarana bilər. Buna görə də içliyin bişirildikdən sonra dərhal kiçik qablara bölünməsi məsləhət görülür.
Alabama A&M Universitetinin qida elmləri professoru Coş Herring isə müxtəlif inqrediyentlərdən hazırlanan kartof və makaron salatlarının saxlanılmasına xüsusi diqqət yetirilməli olduğunu bildirib. Onun sözlərinə görə, bu cür yeməklərin tərkibindəki nəmlik mikroorqanizmlərin inkişafını sürətləndirə bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, düzgün saxlanılmayan qidalar salmonella, E.coli və Listeria kimi təhlükəli bakteriyaların yayılmasına, nəticədə isə qida zəhərlənməsinə səbəb ola bilər. Bu risk xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və immun sistemi zəif olan şəxslər üçün daha ciddidir.
Qeyd olunur ki, çiy ət məhsulları soyuducunun aşağı rəflərində, bişmiş yeməklər isə yuxarı rəflərində saxlanılmalıdır. Bu, çiy məhsullardan ayrılan mayenin hazır qidalara keçməsi və çarpaz çirklənmə riskini azaldır.



