YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Özəl

"Anan işlərimizə qarışır" deyib arvadını döydü — Məhkəmə

Anan işlərimizə qarışır deyib arvadını döydü — Məhkəmə

Sumqayıt şəhərində ər-arvad arasında baş verən mübahisə cinayət işi ilə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, İsmayıllı rayon sakini, 1997-ci il təvəllüdlü Turan birgə yaşadığı evdə həyat yoldaşı Seyranə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Mübahisə zamanı Turan əli ilə qadının baş, üz, boyun və qol nahiyələrinə yumruq və şillə ilə bir neçə dəfə zərbə vurub. Daha sonra onu yerə yıxaraq müxtəlif bədən xəsarətləri yetirib.

Turan barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Turan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində bildirib ki, Seyranə ilə 6 ildir ailə qurub:

"Lakin aramızda rəsmi nikah bağlanmayıb. Himayəmizdə iki azyaşlı uşağımız var. Məlum hadisə günü saat 23 radələrində ad günündən evə gəldim. Həmin vaxt içkili vəziyyətdə olmuşdum.

Evdə olarkən Seyranə ilə onun anası, yəni qayınanam Mətanətlə bağlı aramızda mübahisə yarandı. Mətanət tez-tez bizə gəlib, ailə işlərimə müdaxilə edib. Buna görə mübahisə zamanı əsəbləşdim.

Əsəbi vəziyyətdə yumruq və şillə ilə Seyranənin baş, üz və boyun nahiyələrinə zərbələr vurdum. Həmin vaxt Seyranə yerə yıxıldı. Bu vəziyyətdə ayağım ilə onun sağ və sol qoluna zərbələr endirdim. Daha sonra şəxsi əşyalarımı yığaraq evi tərk etdim".

İş üzrə zərərçəkmiş Seyranənin sözlərinə görə, anası Məlahət işdən evə gələnədək onlarda qalaraq uşaqlarına baxıb.

"Məlum hadisə günü saat 23 radələrində Turan ad günündən evə gəldi və həmin vaxt içkili vəziyyətdə idi. Evə gəldikdən sonra mənə irad bildirərək nə üçün işdən gec gəldiyimi, harada olduğumu soruşdu və mənimlə mübahisə etdi.

Mübahisə zamanı "Niyə anamdan imtina etmirsən, onun tərəfini saxlayırsan?" dedi, anamın ünvanına nalayiq ifadələr işlətdi", – deyə zərərçəkmiş bildirib.

Seyranə qeyd edib ki, sərxoş olan əri daha sonra onu döyərək müxtəlif dərəcəli xəsarətlər yetirib.

O, ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, Turan barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Editor
Redaktor